Bakının Səbail rayonu Bibiheybətdəki boru kəmərindən çirkab suların Xəzər dənizinə axıdılması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər əsasında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Leqal.info-ya verilən məlumata görə, Xidmətin rəisi Hikmət Əlizadə bildirib ki, araşdırma zamanı ərazidə formalaşan çirkab suların “Azərsu” ASC-nin Bakı Sukanal İdarəsinin tabeliyində fəaliyyət göstərən nasoslar vasitəsilə təmizlənmədən Xəzərə axıdıldığı müəyyən edilib.

“Mütəxəssislər tərəfindən boru xəttindən axan sudan mikrobioloji təhlillərin aparılması üçün nümunələr götürülüb”.

H.Əlizadə qeyd edib ki, araşdırmaların və analizlərin nəticələrinə uyğun olaraq tərəfimizdən müvafiq tədbirlər görüləcək və ictimaiyyətə əlavə məlumat veriləcək.