Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş Türkiyə Respublikasında olan Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələri Muğla vilayətində yanğınların söndürülməsi əməliyyatlarını uğurla davam etdirirlər.

“Leqal.info” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Azərbaycanın bir helikopteri və bir təyyarəsi yanğınların söndürülməsində fəal iştirak edir.

Eyni zamanda Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin Türkiyədə olan yanğın-xilasetmə qüvvələrinin 300 şəxsi heyəti 5 yerdə davam edən yanğının qarşısını almağa çalışır.

Hazırda FHN-in qüvvələri tərəfindən Muğla vilayətindəki strateji əhəmiyyətli Kəmərköy və Yeniköy istilik elektrik stansiyalarının yanğından mühafizəsi davam etdirilir.

Ən son məlumatlara görə, Türkiyədə iyulun 28-dən 47 vilayətdə qeydə alınan 223 yanğından 217-si nəzarətə alınıb.

Xatırladaq ki, Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin növbəti – üçüncü qrupu Türkiyənin Muğla vilayətinə çatıb. Yanğın-xilasetmə qrupuna 40 yanğınsöndürmə texnikası və 160 yanğınsöndürən daxildir.