1990-cı il 20 Yanvar tarixində şəhidlik zirvəsini fəth eləmiş Azərbaycan övladlarının ailələrinə, hadisələrlə bağlı əlilliyi olan şəxslərə sosial qayğını dövlətimiz daima təmin edir.

Leqal.info Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən əldə etdiyi məlumata əsasən bildirir ki, Ümummilli lider Heydər Əliyev tərəfindən “20 Yanvar şəhidi” fəxri adı yaradılıb, 20 Yanvar şəhidlərinin ailələrinə, eyni zamanda faciə ilə əlaqədar əlilliyi olan şəxslərə sosial təminatın verilməsi üçün vacib tədbirlərə başlanıb.
Dövlət başçısı İlham Əliyevin uğurlu sosial siyasətinin nəticəsi olaraq başqa həssas qruplar da daxil olmaqla 20 Yanvar hadisəsi ilə bağlı olan kateqoriyaya mənsub vətəndaşların da sosial müdafiəsi ildən-ilə gücləndirilməkdədir.
2023-cü ilin başlanğıcından həyata keçirilən yeni sosial islahatlar çərçivəsində 20 Yanvar şəhidinin ailəsi üçün aylıq təqaüd 600 manata çatdırılıb, bu da göstərir ki, son 5 ildə həmin təqaüd 2,5 dəfə artıb.
Eyni zamanda 20 Yanvar hadisələri ilə bağlı əlilliyi olan şəxslər üçün Prezidentin aylıq təqaüdü bu ilin başlanğıcından orqanizmin funksiyalarının 81-100% pozulmasına görə 500 manat, 61-80% pozulmasına görə 400 manat, 31-60% pozulmasına görə 330 manat, əlilliyi olan şəxslər üçün müavinət isə müvafiq olaraq 270 manat, 220 manat və 150 manat olub.
Bundan başqa, orqanizmin funksiyalarının 81-100% pozulmasına görə əlilliyi olan vətəndaşlara qulluğa görə Prezidentin aylıq təqaüdü də artırılmış, bu ilin 1 yanvarından 100 manat müəyyən edilmişdir.
Elvin Mahmudlu
Leqal.info