Sumqayıt şəhəri, 21-ci məhəllə, Heydər Əliyev prospektində, “Dejurnu” deyə bilinən ərazidə binanın altında fəaliyyət göstərən “Ovçular dönər box” adlanan dönərçi bina sakinlərində çox böyük narahatlığa səbəb olub.

Belə ki, 4 mərtəbəli binada baca yoxdur, yalnız havalandırma mövcuddur. Sözügedən məkanda propan qazından istifadə olunur. Qazın iyi ilə yanaşı, orada müxtəlif yeməklərin hazırlanması zamanı yaranan qoxular bina sakinlərində narahatlıq doğurur. Bina sakinlərinin sözlərinə əsasən, “Ovçular dönər box” adlı məkan birinci mərtəbədə yerləşdiyi üçün ikinci mərtəbədə yaşayanlar üçün daha çox problem yaradır. Nəzərə almaq lazımdır ki, binada hər cür- xəstə, uşaq, böyük insan yaşayır. Həmçinin bina sakinləri qeyd edir ki, sözügedən məkanın müdiriyyəti ilə danışmağa çalışsalar da qarşı tərəf müsbət bir cavab verməməklə yanaşı, heç bir müqavimətin ona təsir etməyəcəyini bildirib.

Qeyd edək ki, “Ovçular dönər box” adlanan məkanda axşam saat 18.00-dan sonra manqal edildiyi üçün qoxular sözügedən vaxtlarda insanlarda daha çox diskomfort hissi yaradır, istilik verir, sağlamlığa mənfi təsir göstərir.

Ümid edirik ki, bu haqlı şikayətlər doğru ünvana çatacaq, aidiyyatı qurumlar bununla bağlı bir tədbir görəcəklər.

Leyla Kamil
Leqal.info