“Vacib odur pul gəlsin. Hansı yolla gəlir gəlsin”

Leqal.info narazı müştərilərin elektron poçt ünvanına göndərdikləri müraciətlərin aktuallığını nəzərə alaraq məqaləni dərc etdi.

Dövlətimiz ölkənin vəziyyətini yaxşılaşdırmaq, əhalinin güzəranını, maddi rifah halını yüksəltmək uğrunda yorulmadan alternativ yollar axtarır. Bunun üçün sahibkarlıq fəaliyyəti ilə məşğul olan yerli və xarici vətəndaşlar üçün geniş imkanlar yaradılır. Dövlətin öz əhalisinin işsizlik problemini aradan qaldırması, yeni iş yerlərinin yaradılması üçün dövlət büdcəsindən ayırdığı vəsaitlər ölkə rəhbərinin xalqına olan sevgisindən irəli gəlir.

Bəs onda dövlətin, ölkə başçısının iş adamlarına, sahibkarlara, özəl müəssisə rəhbərlərinə olan dəstək və inamını onlar tərəfindən yetərincə doğrulda bilməmələri səbəbi haradan yaranır?

Yaşadığımız dünya biz insanlardan asılı olan ya olmayan səbəblərdən yetəri qədər ekoloji çirkab içərisindədir. Aldığımız hava, qəbul etdiyimiz qida, günəşdən gələn kosmik şüalar kifayət qədər insanların sağlamlığına mənfi təsir edir. Əlavə olaraq bir də yaşadığımız mühitdə tamah, varlanmaq arzusu ilə insanların sağlamlığına zərbə vurmaq yolverilməzdir. Hətta cinayət hesab edilir.
Bakı şəhərində yaşayan sakinlər kimi mən də yolum üstə qarşılaşdığım marketlərdən alış-veriş edirəm. Lakin elə hallar yaranır ki, səliqəli qablaşdırılmış, piştaxtalarda göz oxşayan çeşid-çeşid məhsullar qalır bir tərəfdə, antisanitar şəraitdə satılam məhsullara üz tutmalı oluruq. Buna səbəb o səliqə-səhmanın arxasında gizlənən ölümdür. Bəli ölüm!
Heç də uzaq olmayan tarixdə şəhərdə fəaliyyət göstərən məhşur marketlərdən hesab edilən “Makromart” marketlər şəbəkəsində oldum. İlk görünüş olduqca gözoxşayandır. Yaxınlaşıb məhsulu qaldırdıqda məlum oldu ki, məhsulun son istifadə müddəti çoxdan başa çatıb. Digər məhsullara diqqət etdikdə yenə həmin mənzərə ilə qarşılaşdım. Ət məhsullarının istifadə müddətinin bitməsi bir tərəfə, məhsulun üzərində açıq-aşkar kif diqqəti çəkirdi. İşci personalına yaxınlaşıb söz soruşmaq isə başqa bir problem. Simalarından yorğunluq, bezginlik yağan satıcılar sanki müştərilərin marketdən tez uzaqlaşmaları üçün ürəklərində dua edir kimi görünürlər. Marketdə satılan məhsulların keyfiyyətindən bəhs etdik.
Bəs personalın xidməti niyə bu qədər aşağı səviyyədədir? Əslində məsələnin mahiyyəti də elə bundadır. Həftənin altı günü 15-16 saat fasiləsiz işə çıxarılan işçidən başqa cür davranış gözləmək özü mənasızlıq olar. Hər gün səhər saat 08-00 dan axşam 23-24-ə qədər işə cəlb edilən əməkdaşın istər fiziki, istərsə də mənəvi gücü bu iş şəraitinə tablaşa bilməz. Onun nəticəsidir ki, piştaxtalarda yararsız məhsullar nəzarətsiz buraxılır. İşçinin işə marağı yoxdur. Sadəcə maddiyyat xatirinə sahibkarın sözün həqiqi mənada zülmünə qatlaşmağa məcburdur. Sahibkar isə necə deyərlər, “burda mənəm, Bağdadda kor xəlifə”.
Hər bir azərbaycanlı yaxşı bilir ki, dövlətimiz öz müstəqilliyini qanı bahasına əldə edib. Artıq Azərbaycan dövlətinin müstəqil konstitusiyası, dövlətçiliyimizi qoruyan qanunları vardır. Bəs haqqında bəhs etdiyim “Makromart” marketlər şəbəkəsinin sahibi Kamal müəllim niyə dövlətin qanunlarına bu qədər hörmətsizlik edir? İlk öncə ən dəyərli olan insan faktorundan bəhs edək. “Makromart” marketlər şəbəkəsində çalışan personalın Əmək Məcəlləsinin 89, 90-3, 95, 97, 98, 99, 100, 108,109, 114, 116- cı maddələri ilə tənzimlənən hüquqlarını, sosial müdafiə hüquqları kobud şəkildə pozur. Vergidən yayınmaq üçün işçilərin əmək haqqı sənədləşmədə minimum əmək haqqından cüzi şəkildə fəqli göstərilir. Əslində isə işçi əmək müqaviləsində göstərilən əmək haqqından artıq əmək haqqı alsa da, maliyyə sənədləri ilə işçinin adına pensiya fonduna toplanan sərmayəsi qəpik-quruş olaraq hesablanır. Kamal müəllim yalnız işçilərini deyil, gəlirləri gizlətməklə dövləti də aldadır.
Digər bir özbaşınalıq işçilərin məzuniyyətlərinin əllərindən alınmasıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə işləyən işçilərin minimum məzuniyyət müddəti 21 gün qəbul edilib. Kamal müəllim isə qanunları özünün işinə “Makromart” gələcək şəkildə dəyişdirir. Hər bir işçinin bu qədər ağır, uzun iş ilinə cəmi yeddi gun məzuniyyət verilir. Yerdə qalan on dörd günün hesabı isə hara- itib batır. Bayram günlərində işçilərə verilən hüquqlardan isə heç bəhs etməsək daha yaxşı olar. Çünki “Makromart” matketlər şəbəkəsinin personalı bayram anlayışını tamamilə unudublar. Əksinə, bayram günləri daha da çox işləməyə məcbur edilirlər ki, müdiriyyətin sərmayəsi daha da çoxalsın. Gürünür Kamal müəllim düşünür ki, bayram yalnız onun kimi imkanları geniş olanlar üçündür. Bütün bunlara narazılıq edib hüquqlarını tələb edən işçiyə isə tək cavab:- “İşləmək istəməyənə qapı açıqdır. Gedə bilər”. İş şəraitinin ağırlığı, insan ləyaqətinin alçaldılması haqlı olaraq orada çalışan işçiləri aqressivləşdirir. Lakin Kamal müəllim fizikanın qızıl qanunu unutmamış olsaydı bilməli idi ki, təsir əks təsirə bərabərdir. Onun öz iş ailəsinə qarşı qəddar münasibəti sonunda onun biznesinə zərər verir. Necə ki, bu gün “Makromart” marketlərinin rəflərində vaxtı ötmüş, istifadəyə yararsız məhsullar rəflərdən qaldırılmır. Bəlkədə bilərəkdən, bəlkədə işçinin fiziki və zehni yorğunluğundan bu cür bağışlanmaz nöqsanlar yaranır.
Biz Kamal müəllimin yalnız rəhbərlik etdiyi kollektivdə yol verdiyi nöqsanları sadaladıq. Bəs istehlakçı hüquqlarının pozulmasına necə göz yummaq olar? Məgər sərmayə toplayım deyə insanların sağlamlığını təhlükəyə atmaq insanlığa sığarmı? Onsuzda kifayət qədər mənşəyi məlum olmayan ərzaq məhsulları ilə özümüzü, övladlarımızı zəhərləmişik. Bir də göz görə-görə əhaliyə bəzəkli qutularda zəhər satmaq vicdana sığmaz. Sadəcə bilmək istərdik ki, marketdə gördüyüm kifli, köhnə məhsulları siz süfrənizə düzərsiniz? Yaxud övladınızın qidalanmasına izn verərsiniz? Əlbətdə etməzsiniz. Bəs bu millət sizin deyil məgər ki, pul eşqi üçün piştaxtalarda vicdanınızı satırsınız?
Bəhs etdiyimiz mövzuda təkcə vətəndaşların hüquqları pozulub, haqqı tapdalanmaqla “günah”lar bitmir. Bir milyon qaçqını, köçkünü olan, torpaqlarında müharibə gedən dövlətin büdcəsindən oğurlanan və ya gizlədilən gəlirlər dövlətə xəyanət deyilmi?
Bu gün sərbəst peşə və əmək fəaliyyəti ilə məşğul olmaq istəyən hər bir Azərbaycanlı qarşısında geniş imkanlar açılıb. Heç insafdırmı dövlətin qayğısından yararlanıb, dövləti aldadasınız, vətəndaşını isə ağladasınız?
"Makromart"da İstehlakçıların hüquqları pozulur...
"Makromart"da İstehlakçıların hüquqları pozulur...

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


Tərifə Maqsudova

Leqal.info