Dövlət Təhlükəsizliyi Xidməti (DTX) “İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması və sertifikatlaşdırılmış informasiyanı mühafizə vasitələri üzərində dövlət nəzarətinin və müfəttiş yoxlamalarının həyata keçirilməsi qaydaları”nda dəyişiklik edib.

Leqal.info-nun APA-ya istinadən məlumatına görə, bu qaydalar informasiyanı mühafizə vasitələrinin informasiya təhlükəsizliyi tələbləri üzrə sertifikatlaşdırılması qaydalarını, həmçinin informasiyanı mühafizə vasitələrinə və sertifikatlaşdırmaya dövlət nəzarəti və müfəttiş yoxlamalarının aparılması qaydalarını müəyyən edir.

Bundan sonra sertifikatlaşdırılmış informasiyanı mühafizə vasitələri üçün müvafiqlik nişanının hazırlanması və çap edilməsi Sertifikatlaşdırma üzrə orqan olan DTX ilə istehsalçı arasında bağlanan müqaviləyə uyğun olaraq ödənişli əsaslarla həyata keçiriləcək. İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması fəaliyyəti ilə bağlı daxil olan vəsaitlər büdcədənkənar vəsaitlərdir və həmin daxilolmaların uçotu büdcədənkənar vəsaitlərin uçotu qaydasında aparılacaq.

Qeyd edək ki, sertifikatlaşdırma informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması haqqında sifarişin göndərilməsi və baxılması, sertifikatlaşdırma sınaqlarının keçirilməsi, sınaqların nəticələrinin ekspertizası, uyğunluq sertifikatının və müvafiqlik nişanının tətbiq edilməsi üçün şəhadətnamənin hazırlanması, qeydə alınması verilməsi və müvafiqlik nişanının hazırlanması, çap olunmas, məcburi sertifikatlaşdırma qaydalarına riayət olunmasına və sertifikatlaşdırılmış informasiyanı mühafizə vasitələri üzərində dövlət nəzarətinin və müfəttiş yoxlamalarının həyata keçirilməsi, sertifikatlaşdırmanın nəticələri barədə məlumatlandırma və şikayətlərə baxılması mərhələlərindən ibarətdir.