Leqal.info-nun APA-ya istinadən məlumatına görə, Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyeva açılışda iştirak edib.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verib ki, “İnci” körpələr evi-uşaq bağçası 1987-ci ildə fəaliyyətə başlayıb. 2011-ci ildə Nazirlər Kabinetinin sərəncamı ilə körpələr evi-uşaq bağçası Dövlət Neft Şirkətinin balansından Bakı Şəhər İcra Hakimiyyətinə verilib. Həmin vaxt məktəbəqədər təhsil müəssisəsi 7 qrup ilə fəaliyyət göstərirdi.
“İnci” körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olan M. Əliyevaya məlumat verilib ki, binanın əsaslı təmirinə 2016-cı ilin iyul ayından başlanılıb. Əsaslı təmir işlərindən sonra bağçada fəaliyyət göstərən qrupların sayı 12-yə çatdırılıb. İndi burada 2 yaşdan 6 yaşadək 230 uşağın təlim-tərbiyəsi ilə peşəkar heyət məşğul olacaq. Qruplardan 8-i Azərbaycan, 4-ü isə rus bölmələrinə aiddir. Məktəbəqədər təhsil müəssisəsində dərnək kimi ingilis dili qrupu da fəaliyyət göstərir. Uşaq bağçası zəruri mebel-inventar və avadanlıqla təchiz edilib. Binada videomüşahidə, yanğınxəbərverici sistemlər quraşdırılıb.