Sentyabrın 13-də Naxçıvan Tibb Kollecinin binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, 1931-ci ildə fəaliyyət göstərən Naxçıvan Tibb Kolleci 8 ixtisas üzrə tələbə hazırlığı aparır və muxtar respublikanın orta tibb işçilərinə olan tələbatını tamamilə ödəyəcək.

4 mərtəbəli binadan ibarət kollecin yenidənqurma işlərindən sonra binanın bünövrəsi möhkəmləndirilib, fasadı yenilənib, müasir tədris şəraiti yaradılıb. Kollecdə kimya, farmokologiya və mikrobiologiya laboratoriyaları, anatomiya-fiziologiya, terapiya, pediatriya və cərrahiyyə kabinetləri, müayinə otaqları, kitabxana və iclas zalı, 2 kompüter otağı, müəllimlər otağı, Heydər Əliyev adına lektoriya, şahmat otağı, 13 auditoriya, 9 mühazirə zalı, hərbi kabinet, idman zalı, bufet və arxiv var.

Laboratoriyalar müasir avadanlıqlarla təmin edilib. Auditoriyalarda quraşdırılan elektron lövhə və proyektorlar distant dərslərin keçirilməsinə, o cümlədən elektron dərsliklərdən istifadəyə imkan verir. Kollecdə mərkəzləşdirilmiş istilik sistemi quraşdırılıb, həyətdə abadlıq işləri aparılıb.

Anatomiya-fiziologiya, terapiya, pediatriya və cərrahiyyə kabinetlərində nəzəri biliklərin praktik formada möhkəmləndirilməsi məqsədi ilə lazımi şərait yaradılıb, tibbi avadanlıqlarla təchiz olunub. Kitabxana fondunda 1154-ü tibbi və 3683-ü bədii ədəbiyyat olmaqla, 4837 kitab var. Həmçinin kollecdə elektron dərslik bazası da yaradılıb. İmtahanların elekron formada aparılması üçün bütün şərait yaradılıb. Belə ki, kompüter otaqlarında internetə çıxışı olan 48 kompüter qoyularaq elektron imtahan proqramı quraşdırılıb.

Qeyd edək ki, hazırda kollecdə 39 qrupda 8 ixtisas üzrə 702 tələbə təhsil alır. Bu tədris ilində 231 tələbə məzun olub ki, onlardan da yeddisi fərqlənmə diplomuna layiq görülüb. 2018-2019-cu tədris ilində Naxçıvan Tibb Kollecinə 230-dan çox tələbə qəbul olub. Hazırda kollecdə 58 müəllim və həkim çalışır.