Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir.

DİN-in mətbuat xidmətindən "Leqal.info"ya verilən məlumata görə, növbəti belə tədbir nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Balakən rayonu ərazisində keçirilib.

Yeni Şərif kəndində yaşayan İlham Lokovun həyətinə baxış zamanı oradan natəmiz vəziyyətdə və istifadəyə tam yararsız olan 90 kiloqram çəkidə ət aşkar edilərək götürülüb.

Ətdən götürülən nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.