Azərbaycanda buğdanın emalından əldə olunan kəpəyin istehsalı və satışı üzrə fəaliyyət sahəsi iki il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilə bilər.

Leqal.info-nun məlumatına görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişikliklərin edilməsi təklif olunur.

Hesab edilir ki, buğdanın emalından əldə olunan kəpəyin istehsalı və satışına müvafiq güzəştin nəzərdə tutulmaması bu məhsulların maya dəyərinin çoxalmasına, heyvandarlıq komplekslərində yem kimi istifadə olunan kəpəyin satış qiymətinin artmasına səbəb olur.

Bununla əlaqədar məhsulun satış qiymətinin dayanıqlığının artması, heyvandarlığın dayanıqlı inkişafının təmin olunması baxımından kəpəyin istehsalı və satışına güzətlərin tətbiqi məqsədəuyğun sayılır.
Məcəlləyə təklif edilən əlavəyə görə, kəpəyin istehsalı və satışı üzrə fəaliyyət sahəsi 2019-cu il martın 1-dən 2 il müddətinə ƏDV-dən azad ediləcək.

Qeyd edək ki, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı üzrə fəaliyyət sahəsi 2017-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad edilib.