Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Leqal.info"ya verilən məlumata görə, bu il müvafiq layihə-smeta sənədlərinin hazırlanması işləri aparılmaqla, paytaxtda gözdən əlilliyi olan şəxslər üçün daha bir çoxmənzilli yaşayış binasının tikintisinə başlanacaq.
Binada mənzillə təmin ediləcək gözdən əlilliyi olan şəxslərin rahatlığı üçün xüsusi layihə əsasında məişət şəraiti yaradılacaq. Onların əl və ayaqla hiss etmələrinin asanlaşdırılması məqsədilə müvafiq yerlərdə xüsusi tikinti materiallarından və işarələrdən istifadə olunacaq. Binanın tikintisinin gələn il ərzində yekunlaşdırılaraq istifadəyə verilməsi planlaşdırılır.
Qeyd edək ki, bu təbəqədən olan şəxslərin mənzillə təminatı proqramının davamı olaraq, son illərdə gözdən əlilliyi olan şəxslər üçün Bakının Nərimanov rayonunda 132 mənzildən ibarət yaşayış binası tikilərək istifadə verilib.