Hörmətli oxucular!

İlk növbədə sizin hamınızı salamlayıram.
Mən-Vəliyev Orxan Fərmayıl oğlu Bakı şəhəri Yasamal rayonu 53 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi, eyni zamanda ümumtəhsil müəssisələrində fəaliyyət göstərən və bizim məktəbdə də yaradılmış “Kiçik Akademiya”nın prezidentiyəm.Mən bu gün ölkəmizdə yaranan və gündən-günə artaraq qlobal ekoloji problemlərə yol açan bir məqamı diqqət önünə çəkməyə çalışacağam. Əvvəla onu qeyd edim ki, mən sinif yoldaşım Əhmədi Cahid Cahangir oğlu ilə birlikdə (elmi rəhbərimiz - c.e.d. prof. Çingiz İsmayılovun rəhbərliyi ilə) ekologiya kateqoriyası üzrə “Göy iqtisadiyyat”ın ölkənin davamlı inkişafında rolu” mövzusu ilə Respublikamızda keçirilmiş VIII “Sabahın alimləri” müsabiqəsinə qatılmışdıq. Müsabiqənin qalibləri arasında olmasaq da, heyifsilənmirik. Çünki o müsabiqə bizə həyatda güclü olmağı öyrətdi və özünə inam hissini daha da formalaşdırdı. Təbii ki, məktəb şagirdləri 2 gün ərzində müxtəlif elm adamlarının, sadə vətəndaşların, universitet tələbələrinin və öz həmyaşıdlarının qarşısında sərbəst çıxış edirsə, bu artıq, məncə bir irəliləyiş deməkdir. Müsabiqənin ərsəyə gəlməsində Təhsil Naziriyinə və bütövlüklə təşkilat komitəsinə dərin minnətdarlığımı bildirirəm. İstərdim ki, təqdim etdiyimiz layihənin əsas ideyasını sizinlə bölüşüm: Bu yaxınlarda sosial şəbəkədə bir məlumat diqqətimi çəkdi: “Ölkəmizə Avropa standartlarına uyğun olan, zibili əhalinin özü çeşidləyəcəyi yeni-müasir zibil konteynerləri gətirilib.” Bu məlumat mənim diqqətimi çox cəlb etdi və mən başladım bu haqda məlumat toplamağa. Birinci başladım sadəcə müşahidə edərək sakinlərin yeni zibil qutulara atılan tullantıların ayrı-ayrı şəkildə paylanmasına münasibətini müəyyən edim. Müşahidələrimdən sonra çox təəssüf hissi keçirdim. Çünki şəhərin bir çox yerində quraşdırılmış bu konteynerlərin üzərindəki-tullanrtıların növü qeyd olunmuş yazı artıq, demək olar ki, cırılaraq silinib və oxunmayacaq bir vəziyyətə gəlib. Hələ iş bununla bitsə idi, nə isə. Ayrılmalı olan tullantı növləri seçilmədən polietilen torbalarla birlikdə necə gəldi, hansı növ tullantının qabına gəldi tullanaraq çox pis görüntü yaradır. Təbii ki, hər birimiz gündəlik olaraq bu xoşagəlməz görüntü ilə qarşılaşmaq məcburiyyətində qalırıq. Bunun qarşısınını almaq və bu kimi görüntü ilə üz-üzə qalmamaq üçün problemin səbəbinə nəzər salsaq görərik ki, bu, əhalidə lazımi istehlak mədəniyyəti formasının formalaşdırılmamasının nəticəsidir. Sizlərə az öncə “Göy iqtisadiyyat” mövzusu üzərində çalışdığımı qeyd etmişdim. Bəlkə də bu mövzu üzərində işləməyimin nəticəsidir ki, bu məqaləni yazmağı özümə borc bildim.
Gəlin görək :
1. “Göy iqtisadiyyat” nədir? Hansı sahələrdə tətbiq olunur?
2. Onu başqa hansı sahələrdə tətbiq etmək mümkündür və onun tətbiqi bizə nələri verə bilər?

• Dünya Bankına görə, “Göy iqtisadiyyat” təbii resursların iqtisadi inkişaf,yaşayış səviyyəsinin yaxşılaşdırılması və yeni iş yerlərinin açılması üçün düzgün istifadəsidir. Müasir dövrdə “Göy iqtisadiyyat” aparıcı inkişaf etmiş dünya ölkələrində təbii resursların üzərində tətbiq olunur.
• Dünyanın hər yerində olduğu kimi, ölkəmizdə də əhalinin artımı ilə bağlı istehlakın həcmi ildən ilə artmaqda davam edir. Müasir dövrdə “istehlak cəmiyyəti” modeli artıq gələcək inkişaf üçün qaçılmaz problemlər yaratmaqdadır. Son illərdə geniş yayılmış “yaşıl iqtisadiyyat” yaranan ekoloji problemlərin bütövlükdə yox, yalnız lokal səviyyələrdə aradan qaldırılmasına qismən köməklik etmişdir. Deməli, ekoloji gərginliklərin aradan qaldırılması üçün biz diqqətimizi ilk öncə fəaliyyətimiz nəticəsində yaratdığımız ekoloji fəsadların aradan qaldırmasına yox, istehlak mədəniyyətimizi dəyişdirərək, tullantıların xeyli azaldılmasına yönəltməliyik. Nəzərə aldıq ki bu termin okeanlara aid edilib və Azərbaycanın(eyni zamanda bir çox materikdaxili dünya ölkələrinin) okeana birbaşa çıxışı yoxdur. Bizdə sual yarandı ki, bu geniş termini Azərbaycan kimi ölkələrə necə tətbiq etmək olar? Bu sualdan belə bir nəticəyə gəldik ki, “Göy iqtisadiyyat”ı iqtisadiyyatın bütün sahələrinə tətbiq etmək olar. Onu qeyd edim ki, bu mövzu üzərində azərbaycanlı alimlərimiz hələ də diqqəti cəlb edən dərin bir tədqiqat aparmamışlar. Dünyada isə “Göy iqtisadiyyat”ın tətbiqi üzrə G.Pauli tətqiqat aparmış və hətta 2004-cü ildə iki kitab yazmışdır. Onu qeyd edim ki, “Göy iqtisadiyyat” Azərbaycana tətbiq edilərsə biz əhalidə bir az əvvəl qeyd etdiyim problemlərin qarşısını tam olaraq ala biləcəyik, eyni zamanda da həm ailə və dövlət büdcəsinə qənaət edib iqtisadiyyatın daha da güclənməsinə səbəb olacaq, həm də ekologiyamızı qorumuş olacağıq. Məlumdur ki, biz bu xəstəliyimizi xəstəliyin əsas dərmanı olan “Göy iqtisadiyyat” məlhəmi ilə həll edə biləcək qüvvəyə sahibik. Əbəs yerə demədim ki, bu xəstəlik... İnsanlarımızda istehlak mədəniyyəti hələ də formalaşmayıb. Bu, sözsüz ki, bir xəstəlikdir. Məncə, bu xəstəliyin yeganə dərmanı “Göy iqtisadiyyat” dır. Təbii ki, dərman xəstəliyə qısa bir zamanda təsir etmədiyi kimi, “Göy iqtisadiyyat”da bu vərdişi qısa zaman çərçivəsində formalaşdıra bilməz. Buna bir az zaman və məsələni dövlət səviyyəsində qaldırmaqla nail ola bilərik. Yəni əhalinin bütün yaş qrupları üzərində-bağçadan başlayaraq maarifləndirmə və təbliğat işləri aparmalı, bu mövzu ilə əlaqədar məlumatlar dərsliklərdə, elmi məqalələrdə, qəzet və jurnallarda çap edilməli, kütləvi informasiya vasitələrində yayımlanmalıdır. Yalnız bundan sonra biz nəticə əldə etmiş olacağıq.

Sonda demək istərdim ki, ildən-ilə artan məhsulların istehlakı, bizim istəyimizdən asılı olmayaraq, ətraf mühitdə dəyişikliyin yaranmasına və tullantıların əmələ gəlməsinə səbəb olur. Müasir dövrdə bizim düşüncəmizdə köklü dəyişiklik olmalıdır. Biz diqqətimizi əmələ gələn tullantıların utilizə etməsindən öncə, istehlak mədəniyyətinin dəyişməsinə yönəltməliyik. Biz bəhsə durmalı deyilik ki, kimin daha çox ayaqqabısı, paltarları, avtomobili, daşınmaz əmlakı və sairə mülkiyyəti vardır. Onsuz da bir və ya bir neçə adam böyük sayda və yaxud böyük həcmdə məhsulu istehlak etmək imkanına malik deyil. Həyat göstərir ki, onlar əksər hallarda vaxt keçdikdə yararsız vəziyyətə düşür və nəticədə tullantı olur. Buna görə hesab edirəm ki, bu istiqamətdə cəmiyyətdə maarifləndirmə işlərinin gücləndirilməsi vacib əhəmiyyət kəsb edir.

Hörmətlə,
Orxan Vəliyev