Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun qohumu Məhəbbət Namazovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Leqal.info-nun APA-ya istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə M. Namazov vəkili Təranə Məmmədovanın suallarını cavablandırıb.

Bildirib ki, saxlanılıb polis bölməsinə aparılandan sonra onun üzərində axtarış aparılmayıb.

M. Namazov bildirib ki, saxlanılandan sonra təzyiqlərə məruz qalıb.

Prosesdə M. Namazovun vəkilləri bir sıra vəsatətlər veriblər. Vəsatətlər növbəti iclasda müzakirə ediləcək.

Proses dekabrın 6-da davam edəcək.

Qeyd edək ki, Məhəbbət Namazov 2016-cı ilin noyabrın 23-də Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, onun idarə etdiyi avtomobildən "Makarov" tipli tapança və külli miqdarda narkotik vasitə aşkar olunub.

Daha sonra Məhəbbət Namazovun Ağstafa rayonun Sadıxlı kəndində olan evində də axtarış aparılıb. Evdən də xeyli miqdarda patron tapılıb.

Məhəbbət Namazov Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq təkrar odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234.4.3 (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilir.