Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı görülən tədbirlərə həsr olunmuş növbəti onlayn müşavirə keçirib.

"Leqal.info" xəbər verir ki, müşavirədə şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələr iştirak edib.

İcra başçısı koronavirus infeksiyasının qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin qərarı ilə ölkənin bəzi şəhər və rayonlarında, o cümlədən Lənkəran şəhəri ərazisində xüsusi karantin rejiminin 1 avqust 2020-ci il tarixinədək uzadıldığını və bununla əlaqədar bir sıra sərt karantin tədbirlərinin tətbiq edildiyini müşavirə iştirakçılarının diqqətinə çatdıraraq bu tədbirlərin Operativ Qərargahın təlimat və tövsiyələrinə uyğun aparılmasını, ərazi üzrə sanitar-epidemioloji normalara qeyd-şərtsiz əməl olunmasını, xüsusilə idarə, müəssisə və təşkilatlarda gündəlik iş prosesi zamanı işçilərin say həddinin gözlənilməsini və zəruri mühafizə vasitələrindən istifadə edilməsini tələb edib.

Müşavirədə Prezident İlham Əliyevin bu günlərdə Gəncə şəhərinə səfəri zamanı koronavirus epidemiyasına qarşı mübarizədə tibbi-qoruyucu vasitələrin xüsusi əhəmiyyəti barədə söylədiyi fikirlərini bir daha xatırladan icra başçısı yerlərdə mobil və işçi qruplar tərəfindən sakinlərlə qoruyucu maska, şəxsi dezinfeksiya və tibbi-mühafizə vasitələrindən mütləq qaydada istifadəyə dair təlimatlandırma işlərinin daha da gücləndirilməsini, ictimai yerlərdə, nəqliyyat vasitələrində, avtobus dayanacaqlarında insanlar arasında sosial-təmas məsafəsinin gözlənilməsini, vətəndaşların kompakt şəkildə toplaşmasının, xüsusilə, hüzr mərasimlərində adamların kütləvi şəkildə yığılmasının qarşısının alınmasını ciddi şəkildə tələb edərək yerlərdə bütün ziyalıları, sağlam düşüncəli, ictimai fəal şəxsləri bu tədbirlərə cəlb etməyi, xüsusi olaraq qurulmuş yoxlama postlarında çətin şəraitdə məsul vəzifə icra edən qruplara yaxından köməklik etməyi tapşırıb.
İcra başçısı videogörüntülü müşavirə keçirdi
T.Qaraşov vəzifəsindən və ictimai mövqeyindən asılı olmayaraq bütün qüvvələrə çağırış edərək yuxarıda sadalanan vəzifələri anlayışla qəbul edib icra etməyə, eyni zamanda yaşı 65-dən yuxarı olan insanlara, eləcə də tənha, kimsəsiz, sosial qayğıya ehtiyacı olan şəxslərə, həssas qruplardan olan ailələrə köməkliklərin bundan sonra da davam etdirilməsinin, onların sosial müdafiəsinin hər zaman diqqət mərkəzində saxlanılmasının, bu işdə hər hansı bir laqeydliyin, neqativ halın yolverilməz olmasının daim diqqətdə saxlanılmasının günün tələbi olduğunu söyləyib. Eyni zamanda T.Qaraşov müşavirə iştirakçılarının diqqətini ölkə başçısının təşəbbüsü ilə aztəminatlı ailələrin, xüsusilə işsiz vətəndaşların maddi-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar yaradılmış haqqı ödənilən ictimai işlərə cəlb edərək bu sahədə çalışan şəxslərin hər birinin işə davamiyyətinin və dövlət tərəfindən müəyyən olunmuş əməkhaqqını vaxtında almasının daim diqqətdə saxlanılmasının vacibliyini vurğulayaraq bu işdə hər hansı qanun pozuntusuna yol verəcək şəxslərin ən ciddi şəkildə cəzalanacağını bildirib. Yığıncağı yekunlaşdıran icra başçısı yay mövsumu ilə əlaqədar meşələrin, əkin sahələrinin, otlaqların, park və bağların yanğından qorunması, ümumiyyətlə, yanğın təhlükəsizliyi ilə bağlı əhali arasında təbliğat-izahat işlərinin bir daha gücləndirilməsini, məişət tullantılarının vaxtında yığılıb daşınmasını, dənizsahili ərazilərdə, çaylarda, çimərlik kimi istifadə olunan yerlərdə, ilk növbədə, karantin rejimi tələblərinə və təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl olunmasını, ən əsası havaların uzun müddət quraq keçməsi və temperaturun qeyri-normal şəkildə yüksəlməsi ilə əlaqədar suya yaranan ehtiyacı ödəmək üçün mövcud su ehtiyatlarından səmərəli şəkildə istifadə olunmasını tövsiyə edib.