Leqal.info xəbər verir ki, telefon söhbəti zamanı ABŞ dövlət katibi Antoni Blinken son dövrlərdə keçirilmiş görüşləri davamlı sülh müqaviləsinə doğru müsbət addımlar kimi səciyyələndirib. Bu xüsusda Cenevrədə xarici işlər nazirləri və Praqada liderlər səviyyəsində keçirilmiş görüşlərin əhəmiyyətini vurğulayıb. Dövlət katibi, həmçinin ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın təşəbbüsü ilə Ağ evdə Azərbaycan və Ermənistan nümayəndələri arasında keçirilmiş görüşün əhəmiyyətini qeyd edib. Azərbaycan tərəfindən 17 erməni əsirin geri qaytarılmasını müsbət addım kimi dəyərləndirən A.Blinken ABŞ-ın sərhədlərin delimitasiyası, nəqliyyat xətlərinin açılması və itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi, həmçinin digər humanitar məsələlərin həllində dəstək göstərməyə hazır olduğunu bildirib.
Dövlət katibi, eyni zamanda, konkret vaxt çərçivəsində sülh müqaviləsi üzrə danışıqların aparılmasının əhəmiyyətinə toxunub, Qarabağda yaşayan etnik erməni sakinlərin hüquqlarının və təhlükəsizliyinin təmin olunması üzrə müzakirələri təqdir edib. Antoni Blinken Azərbaycanda kütləvi məzarlığın aşkar olunduğunu qeyd edib, bununla əlaqədar dövlətimizin başçısına başsağlığı verib.
Öz növbəsində Prezident İlham Əliyev Cenevrədə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında keçirilmiş birinci ikitərəfli görüşü müsbət qiymətləndirib. Dövlətimizin başçısı, həmçinin Praqada keçirilmiş görüş nəticəsində qəbul edilmiş bəyanatın sülh prosesinə töhfə verəcəyinə ümidvar olduğunu ifadə edib. Prezident İlham Əliyev inandığını bildirib ki, əgər Ermənistan siyasi iradə nümayiş etdirərsə, bu ilin sonunadək sülh müqaviləsi imzalana bilər.
Dövlətimizin başçısı, eyni zamanda, həm Antoni Blinkenin, həm də Ceyk Sallivanın təşəbbüsü ilə Azərbaycanla Ermənistan nümayəndələri arasında keçirilmiş görüşlərə toxunub, bunu sülhə doğru atılmış addımlar kimi qiymətləndirib. Azərbaycan Prezidenti Birinci Qarabağ müharibəsindən sonra 3900-dən çox soydaşımızın itkin düşmüş şəxs hesab olunduğunu xatırladıb, Ermənistanın kütləvi məzarlıqların yeri barədə məlumat verməsinin vacibliyini qeyd edib. Prezident İlham Əliyev ABŞ dövlət katibindən öz imkanlarından istifadə edərək bu məsələnin həllinə nail olunmasına kömək göstərməsini xahiş edib. Dövlətimizin başçısı deyib ki, Beynəlxalq Qızıl Xaç Komitəsində şahidlərin ifadələri və digər məlumatlar əsasında bəzi kütləvi məzarlıqların yerləri haqqında müəyyən məlumatlar var.
Telefon danışığında Azərbaycan-ABŞ əlaqələrinin gələcək inkişafı ilə bağlı müzakirələr də aparılıb.