Tovuz rayon Pələkli kənd sakini şəhid Əliyev Aqil Faiq oğlunun ailə üzvlərinin problemi baxılmaz olaraq qalır.

Leqal.info informasiya agentliyinə müraciət edən şəhid Əliyev Aqil Faiq oğlunun qardaşı Əliyev Anar Faiq oğlu müraciətində bildirir ki, qardaşı Əliyev Aqil Faiq oğlu 44 günlük Vətən müharibəsində şəhadətə ucalan şəhidlərimizdən biridir.

Leqal.info xəbər verir ki, Suqovuşanda şəhadətə ucalan Əliyev Aqil Faiq oğlunun anası Kübra Əliyeva Tovuz rayonun çox ucqar bir kəndində yaşayır, heç bir şəraiti yoxdur. Həyat yoldaşını itirmiş və himayəsində iki qüsurlu övladı olan ananın özünə aid bir evi yoxdur, hal-hazırda yaşadığı ev müvəqqətidir.

Kübra ananın dəfələrlə evlə təmin edilməsi ilə bağlı Tovuz Rayon İcra Hakimiyyətininin başçısı Məmməd Məmmədova müraciət etməsinə baxmayaraq, onun müraciətinə baxılmır. Xüsusilə, qeyd edirik ki, şəhid anasının evə çox ehtiyacı var.

Şəhidimiz Əliyev Aqil Faiq oğlunun qardaşı Əliyev Anar Faiq oğlunun sözlərinə görə, hal-hazırda müvəqqəti olaraq qohum evində yaşayırlar, həmçinin yaşadıqları Pələkli kəndi çox ucqar olduğuna görə səhhətləri ilə bağlı həkimə müraciət etmək olmur.

Həmçinin şəhid qardaşı qeyd edib ki, anasının adına heç bir mülk, ev, maşın, hər hansı bir əmlak mövcud deyil. Yaşadıqları evin yanından qaz torbası keçdiyi halda qazlaşdırma yoxdur. Buna görə də odun üçün iki aya 600 manat məbləğində vəsait xərclənilir.

Şəhidin ailə üzvlərinin müraciətinə dövlət başçımız İlham Əliyev cənabları tərəfindən baxılacağına, aidiyyatı orqanların bu işə biganə yanaşmayacağına inanırıq. Ümid edirik ki, şəhidin ailə üzvlərinin problemi tez bir zamanda həll olunacaq.

Leqal.info


Tovuz Rayon İcra Hakimiyyəti şəhid ailəsinin probleminə biganə yanaşır-ŞİKAYƏT