NATO-nun ali hərbi orqanı, Şimali Atlantika Alyansının Hərbi Komitəsi toplantı keçirəcək, toplantının əsas mövzusu Ukrayna ətrafında vəziyyətin müzakirəsi və Kiyevə yardımın göstərilməsi olacaq.

Leqal.info xəbər verir ki, təşkilatın saytında verilən məlumata görə, görüşün yanvarın 18-19-da Brüsseldə keçirilməsi nəzərdə tutulub.
Hesabatda qeyd olunur ki, alyansın 30 ölkəsinin Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri, həmçinin İsveç və Finlandiya nümayəndələri Ukraynadakı vəziyyətlə bağlı "ilkin müşahidələrini" açıqlayacaqlar. Müzakirələrdə “NATO-nun hərbi imkanları və Alyansı indi və gələcəkdə bütün çağırışlara qarşı müdafiə etmək bacarığı” mövzusuna toxunulacaq.

“Diqqət Ukraynada davam edən müharibənin ilkin müşahidələrinə, habelə NATO-nun Əsas Müharibə Konsepsiyası və Qüvvələrin İnkişaf Proqramının həyata keçirilməsinin sürətləndirilməsinə yönəldiləcək”, - deyə məlumatda bildirilir.

İclasa NATO Hərbi Komitəsinin sədri admiral Rob Bauer rəhbərlik edəcək.

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Ukraynadakı münaqişənin uzanacağı və tezliklə bitməyəcəyi ilə bağlı fikir bildirib.

Bununla yanaşı, Stoltenberq bir daha Kiyev rejiminə hərbi yardım vəd edib və qeyd edib ki, bu, “Rusiyanı danışıqlar masası arxasına oturmağa və Ukraynanın suverenliyini tanımağa inandırmağın yeganə yoludur”. (Mənbə: vesti.ru)
Elvin Mahmudlu
Leqal.info