Münhen Təhlükəsizlik Konfransında iştirak edən NATO Baş katibi Yens Stoltenberq jurnalistlərə açıqlamasında Rusiyanın Ukraynanı tam işğal etmək məqsədilə müharibəyə başlamasından keçən bir il ərzində NATO-nun təhlükəsizlik mühitinin əsaslı şəkildə dəyişdiyini bildirib.

Leqal.info xəbər verir ki, Ukraynanın müharibədə qalib olması və suveren Avropa ölkəsi kimi müstəqilliyini qoruyub saxlaması məqsədilə dəstəyin davam etdirilməsinin zəruriliyi Stoltenberq tərəfindən qeyd olunub: “Rusiya Ukraynada qalib olsa, bu, ukraynalılar üçün faciə olmaqla birlikdə, eyni zamanda hamımız üçün təhlükəli olacaq. Avtoritar liderlər hərbi güc tətbiq edərək məqsədlərinə çatmağa nail olsa, bu, dünyanı daha təhlükəli edəcək”.
NATO Baş katibi NATO olmadan Avropada təhlükəsizliyin mövcud olmadığını və sülhü mühafizə etməyin, təhlükəsizliyi təmin etməyin tək yolunun Şimali Amerikanın Avropanın yanında dayanması olduğunu vurğulayıb.
Elvin Mahmudlu
Leqal.info