Cənubi Koreya ordusu Şimali Koreyanın addımını "təxribat" adlandırıb və müvafiq tədbirlər barədə xəbərdarlıq edib.

Leqal.info "Yonhap" xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya ordusunun sözçüsü polkovnik Li Sung Jun mətbuat konfransında deyib.

"Biz ciddi şəkildə xəbərdarlıq edirik ki, bu cür böhran vəziyyətlərinin bütün məsuliyyəti Şimali Koreyanın üzərinə düşür və onu dərhal dayanmağa çağırırıq.

Cənubi Koreya və ABŞ arasında sıx koordinasiya şəraitində ordumuzla əlaqədar fəaliyyəti izləyir və Şimali Koreyanın təxribatlarına qarşı müvafiq tədbirlər görəcək", - o bildirib.

Cənubi Koreya müdafiə rəsmilərinin sözlərinə əsasən, bu gün Cənubi Koreyanın Baengnyeong və Yeonpyeong adalarındakı dəniz piyadaları bölmələri şimal sərhəd xəttinin cənubundakı sularda simulyasiya edilmiş hədəflərə qarşı K9 özüyeriyən haubitsaları və K1E1 tanklarını cəlb etməklə canlı atəş təlimləri keçirib.

"Yonhap" agentliyi bildirib ki, Cənubi Koreya dəniz bufer zonasına təxminən 400 mərmi atıb ki, bu da Şimali Koreyanın atdığı mərmi sayından iki dəfə artıqdır.

Cənubi Koreya mətbuatı bildirib ki, 2018-ci il sazişinin imzalanmasından bəri ilk dəfədir ki, ordu dəniz bufer zonasına mərmi atır, Şimali Koreya isə artıq 16-cı dəfədir ki bu sulara atəş açır.

Xatırladaq ki, Şimali Koreya Cənubi Koreyanın Sarı dənizdə yerləşən adalarına doğru 200-ə yaxın artilleriya mərmisi atıb. Cənubi koreyalı mülki şəxslər və hərbçilər arasında itki yoxdur.

Leyla Kamil
Leqal.info