Rusiya Prezidenti Vadimir Putin “Crocus City Hall”da baş verənləri qanlı terror aktı adlandırıb.

Leqal.info xəbər verir ki, bu barədə Rusiya lideri xalqa müraciətində bildirib.

O, martın 24-nü milli matəm günü elan edib.

Prezident terror aktı zamanı yaxınları həlak olan hər kəsə dərin hüznlə başsağlığı verib.

Putin Moskvada və digər regionlarda əlavə antiterror tədbirlərinin tətbiq edildiyini söyləyib.

"Krokusda terror aktını törədən dörd nəfərin hamısı saxlanılıb, onlar Ukraynaya qaçmağa cəhd ediblər. Ukrayna tərəfində, ilkin məlumatlara əsasən, “Krokus” terror aktının iştirakçılarının sərhədi keçməsi üçün “pəncərə” hazırlanıb. Krokusda terror aktının təşkilatçıları bir vaxtlar nasistlər kimi nümayişkaranə edam və qanlı hədə-qorxu aktı hazırlayıblar", deyə Rusiya prezidenti qeyd edib.

Putin vurğulayıb ki, Rusiya Federasiyası Krokusda terror aktını hazırlayan hər kəsi müəyyən edib cəzalandıracaq: "Terrorçuları yalnız qisas gözləyir, onların gələcəyi yoxdur. Əsas odur ki, Krokus qətliamının arxasında duranların yeni cinayətlər törətməsinə imkan verilməməlidir".

Putin qeyd edib ki, heç kim Rusiya vətəndaşlarının birliyini sarsıda bilməz: "Rusiya ən çətin sınaqlar zamanı hər zaman daha da güclənib və indi də belə olacaq".

Putin bildirib ki, Rusiya kəşfiyyat xidmətləri terrorçuların icraçılarının, yardımçılarının müəyyən edilməsi üzərində işləyir. Onun sözlərinə əsasən, istintaq terror aktının bütün təfərrüatlarını müəyyən etmək üçün hər şeyi edəcək.

Leqal.info