Bu gün qonşu Gürcüstanda prezident seçkiləri keçirilir. Səsvermə üçün məntəqələr səhər saat 8-dən açılıb. Prezidentlik uğrunda 25 namizəd yarışır.

Hakim “Gürcü arzusu” partiyasında təmsil olunan azərbaycanlı deputat Ruslan Hacıyev seçkilərin gedişi ilə bağlı Modern.az-a məlumat verib.

Onun sözlərinə görə, seçkilər sakit şəraitdə keçir.

“Gürcüstanda prezident seçkiləri sakit və demokratik şəraitdə keçir. Ara-sıra müxalifət nümayəndələri tərəfindən provokasiya hallarına yol verilir. Amma biz bunun geniş şəkildə yayılmasına imkan vermirik”.

Qeyd edək ki, bülletenlərdə qeydiyyatdan keçmiş 25 namizədin adı var. Aparılan sorğulara görə, əsas mübarizə üç namizəd - keçmiş xarici işlər naziri Salome Zurabişvili, "Güc birlikdədir" müxalifət blokunun namizədi Qriqol Vaşadze və Avropa Gürcüstanı Partiyasının namizədi David Bakradze arasında gedir.

Seçkilər dövlət başçısının sonuncu dəfə ümümxalq səsverməsi ilə seçimi olacaq. Prezident 6 il müddətinə seçiləcək.

Qeyd edək ki, Gürcüstandakı prezident seçkiləri ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində də üç seçki məntəqəsi açılıb.