Yanvar ayında Ceyhan neft terminalı vasitəsilə Azərbaycan və İraqdan dəniz yolu ilə xam neft ixracı gündəlik orta hesabla 1 milyon barel təşkil edib.

Leqal.info xəbər verir ki, bu barədə "S&P Global Ratings" beynəlxalq reyting agentliyinin bölməsi olan “S&P Global Commodities at Sea” bildirir.

“Fevralın 6-da Türkiyədə və Suriyada baş vermiş iki dağıdıcı zəlzələ nəticəsində böyük insan tələfatı ilə yanaşı, mühüm infrastruktura ciddi ziyan dəyib, əsasən də Türkiyədə daxili ticarət pozulub ki, bunun da qlobal fəsadları ola bilər.

Dünya bazarları zəlzələlərə neftin qısamüddətli qiymət sıçrayışı ilə cavab verdi ki, bunun da səbəbi təbii fəlakətin tədarük baxımından problemlərə gətirib çıxarmasıdır. Zəlzələlərdən dərhal sonra elektrik enerjisinin verilməsinin dayandırılması və çənlərin zədələnməsi səbəbindən Aralıq dənizində yerləşən neft emalı zavodları üçün əsas ixrac marşrutu olan Türkiyədəki Ceyhan neft terminalında əməliyyatlar dayandırılıb. Nəticədə Azərbaycan və İraqdan xam neft ixracı dayandırılıb”, - S&P qeyd edir.

İraq-Türkiyə neft kəmərinin zəlzələ zonasından keçən zədələnmiş hissəsi təmir edildikdən sonra Ceyhan neft terminalında xam neftin daşınması bərpa olunub. BP-nin operatorunun sözçüsü “S&P Global Commodity Insights”a bildirib ki, Bakı-Tbilisi-Ceyhan boru kəməri toxunulmaz qalıb və xam neft Ceyhan habında çənlərdə saxlanılıb.

Agentliyin məlumatına görə, hadisədən bir neçə gün sonra dünya bazarında neft qiymətləri stabilləşib, Türkiyədə səhmlərlə ticarət isə qısa fasilədən sonra fevralın 15-də bərpa olunub.

"Türkiyənin Aralıq dənizi və Qara dəniz arasında mühüm dəniz mövqeyinə malik olması səbəbindən zəlzələlərin vurduğu ziyan gəmiçilik sektoruna da təsir edir. Zəlzələlər və sonradan baş verən yanğınlar nəticəsində Türkiyənin Aralıq dənizi sahilində yerləşən İsgəndərun limanında əməliyyatlar, həmçinin “Maersk” kimi qlobal logistika şirkətləri üçün daşımalar dayandırılıb”, - S&P-nin açıqlamasında deyilir.

“Maersk”dən bildirilib ki, bərpa işlərinin nə qədər davam edəcəyi hələ məlum deyil: “Hazırda İskəndəruna və bu limandan yeni sifarişlər qəbul etmirik”.

S&P hesab edir ki, Türkiyənin zəlzələdən zərər çəkmiş bölgələrində avtomobil yolları və limanların zədələnməsi, elektrik enerjisinin və təbii qazın verilməsinin dayandırılması polad istehsalına da təsirsiz ötüşməyib: "Zəlzələlərdən sonra zərərin qiymətləndirilməsi və xilasetmə işlərinin aparılması üçün zərər çəkmiş bölgələrdə yerləşən poladtökmə zavodlarında istehsal və daşınma dayandırılıb. Türkiyənin polad istehsalının 30 %-dən çoxu zəlzələ bölgəsindəki iri poladtökmə zavodlarının payına düşür. Zavodların bir müddət bağlı qalması poladın qiymətinə təsir göstərə bilər. Bununla belə, yenidənqurma işləri polad üçün tələbi və qiymətləri artırmalıdır".