Kürdəmirdə ölümlə nəticələnən yol qəzası olub.

Leqal.info xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı-Qazax əsas magistral yolunun rayonun Atakişili kəndindən keçən hissəsində baş verib.

Bakı şəhər sakini Ruslan Əli oğlu Xasıyanov idarə etdiyi "Toyota Prius" markalı maşınla hərəkətdə olarkən yol kənarında dayanmış Bərdə rayon sakini Salman Lətif oğlu Allahverdiyevə məxsus "Mercedes" markalı yük maşınına çırpılıb. Nəticədə minik maşınının sərnişini, 2000-ci il təvəllüdlü Elnur Cavanşir oğlu Mənsimov hadisə yerində ölüb.

"Toyota"nın sürücüsü R.Xasıyanov, sərnişinləri Bakı şəhər sakinləri - Vahid Hüseynağa oğlu Qasımov, İslam Rövşən oğlu Səmədov və yük maşınının sürücüsü S. Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Xəsarət alanlardan İ.Səmədovun vəziyyəti daha ağır olduğu üçün o, Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır .

Elnurə Fərhadqızı
Leqal.info