“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycana hərbi personal göndərilməsi haqqında fərman layihəsinin Türkiyə parlamentinə təqdim edilməsi respublika qanunvericiliyində nəzərdə tutulmuş daxili prosedurdur”.

Leqal.info xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

“Fakt budur ki, Azərbaycan ərazisində bir monitorinq mərkəzi də olacaq, türk hərbçiləri oraya göndərilməlidir. Burada daxili prosedurların həyata keçirilməsi, Türkiyə Respublikasının daxili qanunvericiliyində nəzərdə tutulmuş prosedurlardan söhbət gedir. Bu, Türkiyənin daxili işidir”,- deyə Peskov qeyd edib.

“Azərbaycanda ortaq bir monitorinq mərkəzinin yaradılması ilə bağlı razılaşmalara gəlincə, bu, Rusiya ilə Türkiyə arasındakı ikitərəfli razılaşmanın məhsuludur”, - deyə Kremlin sözçüsü əlavə edib.

Xatırladaq ki, daha əvvəl “Anadolu” agentliyi Türkiyə Prezidentinin türk hərbçilərinin Azərbaycana göndərilməsinə dair fərman layihəsini respublika parlamentinə göndərdiyi barədə məlumat yaymışdı.