Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri başlayıb.

Bu barədə Leqal.info TASS-a istinadən xəbər verir.

Səfər ikitərəfli münasibətlər tarixində əlamətdar hadisənin - 2022-ci ilin fevralın 22-də Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin ən yüksək səviyyədə imzalanmasının birinci ildönümünə təsadüf edəcək. Sənəd beynəlxalq məsələlərdə və hərbi-siyasi əməkdaşlıqda koordinasiyanın gücləndirilməsini, terror təhlükəsinə qarşı mübarizədə qüvvələrin birləşdirilməsini, iqtisadi əməkdaşlığın qurulmasını və humanitar sahədə dialoqun genişləndirilməsini nəzərdə tutur.

S.Lavrovun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi gözlənilir. Onun xarici işlər naziri Ceyhun Bayramovla danışıqları da nəzərdə tutulub.

Sergey Lavrov “XXI əsrdə Rusiya-Azərbaycan münasibətləri: regional təhlükəsizlik kontekstində strateji tərəfdaşlıq” adlı konfransda da iştirak edəcək. Bu tədbir Rusiya-Azərbaycan Ekspert Şurasının üçüncü iclası çərçivəsində keçiriləcək və iki ölkə arasında münasibətlərin müttəfiqlik səviyyəsinə çatmasının ildönümünə həsr olunacaq.