BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Leqal.info xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri!

BMT-nin Sivilizasiyalar Alyansı və komandası adından Azərbaycan xalqını Ümummilli Lider, görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi tərəfindən Nyu-Yorkda Zati-aliləri Heydər Əliyevin xatirəsinə həsr olunmuş yaddaqalan mərasimdə iştirak etmək şərəfinə nail oldum. Mən bir daha əmin oldum ki, Azərbaycanı inkişaf yoluna çıxaran, ölkənin davamlı iqtisadi və sosial tərəqqisinin möhkəm təməlini qoyan müdrik və uzaqgörən Lider Heydər Əliyevin xidmətləri öz xalqı və onu tanıyanlar tərəfindən hər zaman ehtiramla xatırlanacaqdır.

Bu fürsətdən istifadə edərək, BMT-nin Sivilizasiyalar Alyansının Azərbaycan Respublikası ilə strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlığından məmnunluğumu bildirirəm.

Leqal.info

Uzun illər ərzində biz Azərbaycanla mədəniyyətlər və dinlərarası dialoqun təşviqi üzrə səmərəli əlaqələri qoruyub inkişaf etdirmişik. Əminəm ki, bu əlaqələr daha da dərinləşəcəkdir".