Moskvada Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası liderlərinin 2023-cü il mayın 25-də Moskvada keçirilən görüşdə əldə etdikləri razılaşmaların həyata keçirilməsi məqsədilə iyunun 2-də üçtərəfli İşçi Qrupunun 12-ci iclası keçirilib.

Leqal.info xəbər verir ki, iclas Rusiyanın paytaxtı Moskvada Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan Respublikası Baş nazirinin müavini Mger Qriqoryan və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukun birgə sədrliyi ilə baş tutub.

Rusiya Hökumətinin açıqladığı məlumata əsasən, görüş konstruktiv şəraitdə keçib.

Xüsusilə, Arazdəyən-Culfa-Mehri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası və təşkili üzrə konkret addımların həyata keçirilməsi ilə bağlı ümumi anlaşma əldə olunub.

"Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında nəqliyyat əlaqələrinin açılmasının modallığının əlaqələndirilməsi sahəsində mühüm irəliləyiş məmnunluqla qeyd olunub.

Danışıqların nəticələri ilə bağlı Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyasının rəhbərlərinə məlumat veriləcək.

Tərəflər üçtərəfli İşçi Qrupu çərçivəsində işi davam etdirmək barədə razılığa gəliblər", deyə məlumatda qeyd olunub.

Elvin Mahmudlu
Leqal.info