Qərb münaqişəni dondurmağa və Ukraynanı silahla təmin etmək, hərbi cəhətdən gücləndirmək üçün vaxt qazanmağa çalışır.

Leqal.info xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov yerli və xarici media üçün keçirdiyi onlayn brifinqdə söyləyib.

Rusiya XİN başçısı Qərbdə Ukraynadakı vəziyyətin danışıqlarla başa çatacağına dair fikirləri şizofreniya adlandırıb. "Qərb Ukraynadakı münaqişənin danışıqlarla bitəcəyini bildirir. Ancaq bununla belə “Rusiya məğlub olmalıdır” fikrini səsləndirir. Bu fikirlər şizofreniyadır", Lavrov ABŞ dövlət katibi Entoni Blinkenin Ukraynadakı münaqişənin danışıqlarla, diplomatik yolla bitəcəyi ilə bağlı açıqlamasına münasibət bildirərkən qeyd edib.

Lavrov Rusiyanın Ukrayna ilə bağlı Qərblə diplomatik əlaqələrin müharibəyə qədərki həcminə ehtiyac görmədiyini də diqqətə çatdırıb.

Elvin Mahmudlu
Leqal.info