“Çoxtərəflilik heç vaxt indiki kimi vacib olmayıb”.

Leqal.info xəbər verir ki, bunu Bakıda keçirilən Qoşulmama Hərəkatının (QH) Koordinasiya Bürosunun nazirlər toplantısında BMT Baş katibin müavini Tatyana Valavaya Baş katib Antonio Quterreşin konfrans iştirakçılarına məktubunu oxuyarkən söyləyib.

O, Azərbaycan hökumətinə son 4 ildə uğurlu sədrliyə görə təşəkkür edib.

BMT Baş katibi müraciətində bildirib ki, müharibələr, iqtisadi böhranlar, iqlim dəyişikliyi, müharibələr qlobal ictimaiyyəti təhdid edir:

“Çoxtərəflilik indiki kimi vacib olmayıb. QH insan haqlarını, çoxtərəfliliyi, dayanıqlı inkişafı təşviq edən səmərəli beynəlxalq platformadır”.

Baş katib bildirib ki, QH ölkələrinin kollektiv səsi hazırda öncəkindən daha güclü eşidilir.

Baş katib müraciətində vurğulayıb ki, 2022-ci ildə dünyada müharibə və silahlı toqquşmalarda öldürülənlərin sayı keçən illərlə müqayisədə daha da artıb, hərbi sahəyə xərclər artıb, Ukraynadakı müharibə, ərzaq böhranı dünya ölkələrini çətin vəziyyət qarşısında qoyub.

“İndi dünyada 100 milyondan artıq qaçqın və məcburi köçkün var, onlar evlərini itiriblər. Biz BMT Nizamnaməsinə uyğun sülh yolu ilə həlləri dəstəkləyirik. Aqressiyadan çəkinmək, bərabərlik, sülh içində birgəyaşayış, suverenliyə hörmət hər zamankından dava vacibdir Bu böhranlardan daha çox mülki əhali əziyyət çəkir”, - Quterreşin müraciətində qeyd olunub.

“İndi nüvə ritorikası da güclənib ki bu təhlükəlidir. Heç bir ölkə bütün bu problemləri təkbaşına həll edə bilməz. İqlim böhranı bütün ölkələrə təsir edir, biz bu böhranla mübarizədə qətiyyətli addımlar atmalıyıq”, - Baş katib qeyd edib.

BMT Baş katibinin müraciətində QH-nin qlobal iqlim gündəliyini irəli sürməsi təqdir olunub: “Mən QH ölkələrinin iqlim həmrəyliyi aktını dəstəkləyəcəyinizə ümid edirəm. Azərbaycanın QH sədri kimi bu mürəkkəb zamanda tövsiyə və təşəbbüslərini təqdir edirəm. Biz pandemiya ilə bağlı Azərbaycanın təşəbbüslərini, çağırışlarını yüksək qiymətləndiririk. Bizim indi daha çox çoxtərəfli əməkdaşlığa ehtiyacımız var, bununla biz münaqişələrin qarşısını ala bilərik. Biz problemləri kollektiv səylərlə həll edə bilərik. QH müxtəlif mədəniyyətlər, milli maraqlar arasında körpü qurur. Dayanıqlı gələcəyin qurulmasında sizin səylərinizə, əməkdaşlığınıza inanıram. Gəlin daha yaxşı dünya üçün bu yolu birlikdə gedək”, - müraciətdə bildirilib.

Leyla Kamil
Leqal.info