Leqal.info xəbər verir ki, bunu NATO Baş Katibi Yens Stoltenberq Vilnüsdə NATO İctimai Forumunda çıxışında söyləyib.
"Bizim edəcəyimiz yalnız odur ki, ehtiyac olduğu müddətcə Ukraynanın yanında olaq, bu ölkəyə hərbi dəstəyimizi davam etdirək. Biz unutmamalıyıq ki, bu müharibə 2014-cü ildən başlayıb, keçən ilin fevralında isə tammiqyaslı işğal başlayıb", - Baş katib vurğulayıb.
Yens Stoltenberq Ukraynanın əks-hücumu haqqında da danışıb və onun vacib olduğunu qeyd edib: "Ukrayna qüvvələri əraziləri geri alır və Rusiya işğalçılarını geri çəkir. Lakin, həmçinin Ukrayna qüvvələri burada müqavimətlə, çətinliklərlə də qarşı-qarşıya qalır".
NATO Baş katibi diqqətə çatdırıb ki, Vilnüs Sammitində Alyansın müttəfiqləri Ukraynaya hərbi yardımın davamı və gücləndirilməsi ilə bağlı həmrəylik ifadə edəcək: “Bundan başqa, inanıram ki, müttəfiqlər bir daha bəyan edəcəklər ki, Ukrayna Alyansa üzv olacaq. Hamı anlayır ki, Putinin Ukraynada qalib gəlməsi təkcə ukraynalılar üçün təhlükəli deyil, bu, eyni zamanda bizim üçün təhlükəlidir. Bu avtoritar rejimlər üçün mesaj ola bilər ki, onlar hərbi güc tətbiq edərək məqsədlərinə müvəffəq ola bilər. Bu, beynəlxalq nizam üçün də təhdiddir. Ukraynanı dəstəkləmək bizim marağımızdadır".
Leyla Kamil
Leqal.info