Səudiyyə Ərəbistanının Baş naziri, vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səud və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan enerji bazarlarının sabitliyinin təmin edilməsinin vacibliyini təsdiqləyiblər və dinc məqsədlərlə nüvə enerjisindən istifadə sahəsində əməkdaşlığı müzakirə ediblər.

Leqal.info xəbər verir ki, bu barədə Ərdoğanın krallığa səfərinin yekunlarına dair dərc olunan birgə bəyanatda deyilir.

“Energetika sahəsində hər iki tərəf dünya enerji bazarlarının sabitliyinin təmin edilməsinin vacibliyini vurğulayıb. Türkiyə krallığın dünya neft bazarlarının balansının qorunmasındakı rolunu alqışlayıb”, - bəyanatda bildirilir.

“Nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. Onlar energetika, həmçinin bərpa olunan enerji mənbələri, iki ölkənin elektrik şəbəkələrinin birləşdirilməsi, krallıqdan Türkiyə və Avropaya elektrik enerjisinin ixracı sahəsində əməkdaşlığı genişləndirmək istəklərini bildiriblər”, - sənəddə vurğulanır.

Ər-Riyad və Ankara, eləcə də karbohidrogen ehtiyatları və hidrogen də daxil olmaqla, aşağı karbonlu yanacaqlar üçün ekoloji cəhətdən təmiz texnologiyalar sahəsində əməkdaşlığı gücləndirmək istəyirlər. Tərəflər neft, neft məhsulları və neft-kimya məhsullarının tədarükü də daxil olmaqla, energetikanın bir sıra sahələrində əməkdaşlığın intensivləşdirilməsinin vacibliyini vurğulayıblar.

Leyla Kamil
Leqal.info