Türkiyə ilə BƏƏ arasında imzalanan memorandum və sazişlər ölkələr arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdırıb.

Leqal.info TRT-yə istinadən xəbər verir ki, bunu BƏƏ-də səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

Türkiyə dövlət başçısı qeyd edib ki, imzalanmış sazişləri iş dünyasına ətraflı şəkildə təqdim etmək üçün payızda İstanbulda ticarət və investisiya forumunun təşkili planlaşdırılır.

"Biz, eyni zamanda investisiya təşviqi, təhlükəsizlik, bərpa olunan enerji, nəqliyyat kimi sahələrdə hüquqi infrastrukturu gücləndirmək istəyirik", - Ərdoğan vurğulayıb.

Qeyd edək ki, Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri arasında müxtəlif sahələrdə əməkdaşlıq üzrə 13 sənəd imzalanıb. Məlumata görə, razılaşmaların ümumi dəyəri 50,7 milyard dollardır. İmzalanan sənədlər enerji, nəqliyyat, infrastruktur, logistika, elektron ticarət, maliyyə, səhiyyə, qida, turizm, daşınmaz əmlak, tikinti, müdafiə sənayesi, süni intellekt və qabaqcıl texnologiyalar kimi sahələri əhatə edir.

Leyla Kamil
Leqal.info