Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri çərçivəsində Ankarada rəsmi qarşılanma mərasimi olub.

Xezerxeber.az məlumat verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident İlham Əliyevi rəsmi mərasimlə qarşılayıb.

Təntənəli qarşılanma mərasimindən sonra dövlət başçılarının təkbətək görüşü keçirilib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.

Daha sonra isə dövlət başçılarının iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşliq Şurasının VII iclası keçirilib. İclasda müzakirələr daha detallı hökümət üzvlərinin iştirakı ilə davam etdirilib.

VI iclasdan indiyədək görülən işlər və onların nəticələri barədə prezidentlərə məlumat verilib.

Səfər çərçivəsində iki ölkə arsında müxtəlif sahələrdə əməkdaşlığı özündə əks etdirən 6 sənəd imzalanıb.

Prezidentlər "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yeddinci iclasının Protokolu"nu imzalayıblar.

Digər imzalanan sənədlər isə ətraf mühitin qorunması, elektron imza, preferensial ticarət, Mədəniyyət mərkəzlərinin təsis olunması, hərbi sahədə şəxsi heyətin mübadiləsi məsələlərində əməkdaşlığı nəzərdə tutur.

Daha sonra isə prezidentlər birgə bəyantla çıxış ediblər. Prezident İlham Əliyevi seçkidə inamlı qələbə münasibəti ilə təbrik edən Rəcəb Tayyib Ərdoğan bildirib ki, məhz İlham Əliyevin rəhbərliyində Azərbaycan sürətlə inkişaf edərək böyük uğurlar əldə edib və hazırda regionda sabitlik və inkşaf baxımında örnək ölkəyə çevrilib.

Prezident İlham Əliyev isə bildirib ki, Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan ölkələrdir və bütün sahələr üzrə iki dövlət arasında fikir birliyi mövcuddur. Azərbaycan və Türkiyə birliyinin böyük gələcəyi var. Dövlət başçısı Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi beynəlxalq layihələrin də əhəmiyyətinə toxunaraq bunu sabitliyi və təhlükəsizliyi möhkəmləndirdiyini deyib.

Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinə də toxunub və bildirib ki, bu məsələdə Türkiyə qədər Azərbayycana dəstək verən başqa dövlət olmayıb. Dövlət başçısı bildirib ki, bütün sahələr üzrə əməkdaşlıq bundan sonra da davam edəcək.

Prezident müdafiə sənayesi və hərbi əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayıb.

Səfər çərçivəsində Rəcəb Tayyib Ərdoğanın adından İlham Əliyevin şərəfinə rəsmi nahar verilib. Bununla da dövlət başçısının Türkiyəyə iki günlük rəsmi səfəri başa çatıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

VİDEO