"Rusiyanın Qara dənizdəki gəmilərlə bağlı qərarına cavab olaraq Aİ Ukraynaya hərbi dəstəyi artırmalıdır".

Leqal.info xəbər verir ki, bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel Aİ Xarici İşlər Şurasının iclasından öncə jurnalistlərin suallarını cavablandırarkən söyləyib.

Borrel qeyd edib ki, əgər "Taxıl sazişi"ndən əvvəl taxıl anbarda qalırdısa, indi onu Rusiya məhv edir.

"Bunun həm Ukrayna üçün, həm də dünya üçün ağır nəticələri var. Nazirlər bu məsələnin həllini müzakirə edəcəklər. Lakin bu məsələnin bir həlli var, Ukraynaya hərbi yardımı artırmaq, bu ölkə bombalanırsa deməli biz onları havadan müdafiə sistemləri ilə təmin etməliyik. Əgər Rusiya Ukraynanı bombalamaq üçün dronlardan istifadə edirsə, biz Ukraynaya bu dronları məhv etmək üçün müdafiə sistemləri verməliyik. Biz yardım edirik, amma son 3 gündə hücumların intensiv olduğunu görürük, bunun da bir cavabı var, Ukrayna üçün daha çox hərbi resurslar təmin etmək. Bu gün mən Avropa Sülh Mexanizmi çərçivəsində Ukraynaya yeni yardımla bağlı təklifimi nazirlərə təqdim edəcəyəm", Borrel vurğulayıb.

Qeyd edək ki, Rusiya "Qara Dəniz Taxıl Sazişi"ndə iştirakını sonlandırdıqdan sonra Qara dənizdəki gəmilərin yükündən asılı olmayaraq onların Rusiya qüvvələri üçün hərbi hədəf olacağını bildirib.

Leyla Kamil
Leqal.info