NATO-Ukrayna Şurası Rusiyanın Qara Dəniz Sazişində iştirakını birtərəfli qaydada dayandırmasından sonra Qara dəniz regionunda yaranmış ciddi təhlükəsizlik vəziyyətini müzakirə etmək üçün iclas keçirib.

Leqal.info xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, NATO-nun baş katibi Yens Stoltenberq toplantını prezident Vladimir Zelenskinin böhranla bağlı məsləhətləşmə tələbindən sonra çağırıb.

Şuraya baş katibin müavini Mirça Geoana sədrlik edib.

İclasda çıxış edən NATO Baş katibi Yens Stoltenberq bildirib ki, Rusiya Qara dəniz bölgəsindəki təhlükəli və eskalator hərəkətlərinə görə tam məsuliyyət daşıyır. "Rusiya aclığı silah kimi istifadə etməyi və dünyanı qida qeyri-sabitliyi ilə təhdid etməyə son qoymalıdır. Rusiyanın hərəkətləri NATO üçün strateji əhəmiyyət kəsb edən Qara dəniz regionunun sabitliyi üçün də ciddi risklər yaradır. Müttəfiqlər Ukraynaya dəstəyi və sayıqlığımızı artırır. Biz Müttəfiq ərazisinin hər qarışını istənilən təcavüzdən müdafiə etməyə hazırıq”, Stoltenberq diqqətə çatdırıb.

"Müttəfiqlər Türkiyənin taxıl müqaviləsini canlandırmaq üçün davamlı səylərini və Bolqarıstan və Rumıniya da daxil olmaqla digər müttəfiqlərin, həmçinin Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatının Ukrayna taxılının quru və dəniz yolu ilə davamlı ixracına imkan yaratmaq üçün səylərini alqışlayıblar. Müttəfiqlər, eyni zamanda Ukraynaya böyük hərbi, iqtisadi və humanitar yardımlar göstərməyə davam edəcəklərini bir daha bəyan ediblər", NATO-nun mətbuat xidmətinin məlumatında qeyd olunub.

Leyla Kamil
Leqal.info