İsrail müdafiə naziri Yoav Qalant ölkəsinin HAMAS-a qarşı apardığı müharibənin üç mərhələsini açıqlayıb.

Leqal.info “The Times of İsrael” nəşrinə istinadən xəbər verir ki, İsrailin müdafiə naziri Yoav Qalant Knessetin Xarici Əlaqələr və Müdafiə Komitəsinin Tel-Əviv şəhərində keçirilən iclası zamanı bu barədə açıqlama verib.

Qalantın sözlərinə əsasən, İsrail Müdafiə Qüvvələri (The Israel Defence Forces - I.D.F.) tərəfindən həyata keçirilən hərbi əməliyyatların hazırki mərhələsi sonradan yerüstü hərbi əməliyyatlar keçirə bilmək üçün, hazırda Hərbi Hava Qüvvələrinin imkanlarından istifadə edərək HAMAS döyüşçülərini məhv etmək, onların infrastrukturunu dağıtmaq üçün zərbələr endirməyi nəzərdə tutur.

İsrail müdafiə naziri qeyd edib ki, ikinci mərhələdə müqavimət ocaqlarını ləğv etmək üçün daha aşağı intensivlikdə döyüşlər nəzərdə tutulur.

Sonuncu, üçüncü mərhələyə gəlincə isə, Qalant bildirib ki, bu mərhələyə Qəzza zolağında yeni təhlükəsizlik rejiminin yaradılması, regionun gündəlik həyatına görə məsuliyyətin İsrailin üzərindən götürülməsi və İsrail xalqının təhlükəsizliyi ilə bağlı yeni gerçəkliyin yaradılması daxildir.

Leyla Kamil
Leqal.info