Böyük Britaniya Qəzza üçün yeni humanitar yardım paketi elan edib.

Leqal.info xəbər verir ki, bu barədə Böyük Britaniya Baş naziri Rişi Sunak Nümayəndələr Palatası qarşısında bəyanatında bildirib.

Baş nazir Sunak yeni yardım paketinin ağır humanitar böhrandan əziyyət çəkənləri qida, su, səhiyyə və sığınacaqla təmin etmək üçün nəzərdə tutulduğunu söyləyib.

O, çıxışında Böyük Britaniyanın İsrailin müdafiəsinə sədaqətini təkrar edib və həmçinin Qəzzaya daimi yardımın çatdırlmasının vacibliyi vurğulayıb.

Baş nazir Sunak bəyan edib ki, Böyük Britaniya Fələstində mülki şəxslər üçün əlavə 20 milyon funt-sterlinq humanitar yardım ayırıb və bu keçən həftə Baş nazirin elan etdiyi 10 milyon funt-sterlinq yardıma əlavədir.

"Bilirəm ki, Fələstin xalqı çox əziyyət çəkir. Artıq çox sayda mülki şəxs həyatını itirib və humanitar böhran böyüyür. Biz Rəfah keçidinin məhdud şəkildə açılmasını alqışlayırıq. Lakin bu kifayət deyil. Bizə çox ehtiyac duyulan su, qida, dərman və yanacaq gətirən daimi yardım axını lazımdır. Biz Qəzzada mülki şəxslərə əlavə olaraq 20 milyon funt-sterlinq humanitar yardım təqdim edirik ki, bu da Fələstin xalqına əvvəlki dəstəyimizi ikiqat artırır", - o vurğulayıb.

Leyla Kamil
Leqal.info