Azərbaycanın Əfqanıstandakı səfiri İlham Məmmədov Taliban xarici işlər nazirinin müavini Şirməhəmməd Abbas Stankəzai ilə görüşüb.

Leqal.info xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Görüşdə nazir müavini Əfqanıstanın iqtisadi vəziyyətini yaxşılaşdırmağa çalışdığını, balanslaşdırılmış və iqtisadi yönümlü siyasət yürütdüyünü, həmçinin bütün ölkələrlə yaxşı münasibətlərə maraqlı olduqlarını vurğulayıb.

Səfir İlham Məmmədov təhlükəsizliyin təmin edilməsi, iqtisadi tərəqqi və narkotiklərlə mübarizə sahəsində səyləri yüksək qiymətləndirib. Bundan əlavə, Azərbaycanın Əfqanıstanla bu sahədə, habelə mədəniyyət, iqtisadi və ticarət sahələrində əməkdaşlığa hazır olduğunu bildirib.

Qeyd edək ki, 13 yanvar 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikanın Əfqanıstanda səfirliyinin təsis edilməsi haqqında qanunu imzalayıb. 15 fevral 2024-cü ildə Səfir İlham Məmmədov xarici işlər naziri Əmir Xan Müttəqi ilə görüşüb və Kabildə səfirliyin açılması ilə bağlı rəsmi məktubu təqdim edib.

Leqal.info