İsrailin müdafiə naziri Yoav Qalant və Pentaqonun rəhbəri Lloyd Ostin telefon danışığı zamanı İrana qarşı birgə mübarizəni müzakirə ediblər.

Leqal.info xəbər verir ki, bu barədə İsrail hərbi idarəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda Qalantın Ostinə regiondakı vəziyyətlə bağlı son hadisələr fonunda məlumat verdiyi bildirilir. Tərəflər, eyni zamanda İran və onun müttəfiq qüvvələrinin təhdidləri qarşısında ABŞ-İsrail müdafiə əməkdaşlığını müzakirə ediblər.

Qalant İsrailin Fələstin radikalları ilə vasitəçi ölkələr vasitəsilə müqavilə bağlayaraq Qəzza zolağında saxlanılan girovların azad edilməsinə nail olmaq istəyini xatırladıb.

"İsrail və ABŞ arasında İrana və onun müttəfiqlərinə qarşı təhlükəsizlik əməkdaşlığı regionun sabitliyi və təhlükəsizliyi üçün çox vacibdir. Biz İsrail vətəndaşlarını qorumağa sadiqik və bu, həmçinin Qəzza ilə bağlı razılığın əldə edilməsini əhatə edir. İsrail girovların qaytarılması ilə bağlı razılığa gəlməyə sadiqdir”, - deyə Qalant bildirib.

Qeyd edək ki, Yaxın Şərq turuna çıxan Böyük Britaniyanın müdafiə naziri Con Hili bu gün İsrailə gəlib. Əvvəlcə Qətərə gedən Hili, daha sonra oradan xarici işlər naziri David Lammi ilə birlikdə Beyruta gediblər. Müdafiə nazirinin Yaxın Şərq turu çərçivəsində növbəti dayanacağı isə İsrail olub.

Burada o İsrailin müdafiə naziri Yoav Qalantla görüşüb. Tərəflər İsrail və Böyük Britaniya arasında təhlükəsizlik əlaqələrinin gücləndirilməsi və kəşfiyyat sahəsində əməkdaşlığın davam etdirilməsini müzakirə ediblər.

Burada da Qalant İsraili İrandan və onun müttəfiqlərindən müdafiə etmək üçün koalisiya qurmağın vacibliyindən danışıb.

Leqal.info