Azad edilmiş ərazilərdə həm böyük su anbarları və su kanallarının tikintisi, həm içməli su təchizatı nəzərdə tutulur - biz Şərqi Zəngəzuru azad etməklə böyük su mənbələrinə yenə də qayıtmışıq, onlar da işğal altında idi".

"Leqal.info" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki yekun nitqində bildirib.

"Eyni zamanda, suvarma məsələləri böyük dərəcədə Kəlbəcər və Laçın su mənbələri hesabına təmin ediləcək. Bu yaxınlarda Kəlbəcər, Laçın rayonlarında olarkən mənə layihə təqdim edildi. Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyəti tərəfindən içməli suyun Azərbaycanın Aran bölgəsinə qədər gətirib çatdırması layihəsi də var. Yəni, bu, içməli su ilə bağlı olan problemləri böyük dərəcədə həll edəcək. Ona görə bu layihələrə xüsusilə baxmaq lazımdır.

İçməli suya və suvarmaya gəldikdə, biz, eyni zamanda, xarici investisiyalardan da istifadə etməliyik. Mənə bu yaxınlarda məruzə edildi ki, bəzi şirkətlər Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərmək üçün, o cümlədən Xəzər suyunun duzsuzlaşdırılması layihəsi ilə bağlı müraciət etmişlər. Bunun da çox böyük əhəmiyyəti var. Bu, dünyanın bir çox ölkələrində artıq sınaqdan çıxmış layihələrdir və burada dövlət-özəl sektor tərəfdaşlığı da mümkündür. Əlbəttə, eyni zamanda, dövlət xətti ilə, özəl investisiya xətti ilə ayrı-ayrılıqda layihələrin icrası nəzərdə tutulmalıdır", - Azərbaycan Prezidenti qeyd edib.