Həkim olmaq məsuliyyəti

"Həkimlik sənəti daim inkişaf edir, qazanılmış təcrübə hesabına zənginləşərək irəliləyir. Heç bir peşədə Hippokrat andı kimi and yoxdur. Hippokrat andı içən hər bir həkim o anda sona qədər sadiq qalmalıdır". Bu sözləri mərhum prezidentimiz, Ümummilli Lider Heydər Əliyev demişdir.

Müasir dövrdə hər bir dövlətin iqtisadi potensialı və qüdrəti bir sıra mühüm meyarlarla yanaşı, həm də milli səhiyyə sisteminin inkişaf səviyyəsi, tərəqqi yönümü ilə ölçülür. Xalqın fiziki və mənəvi sağlamlığının yüksək səviyyədə təmin olunması və bütövlükdə milli genofondun qorunması müstəqil Azərbaycanda dövlətin qarşıya qoyduğu prioritet vəzifələrdən biri kimi çoxsahəli islahatların ayrılmaz tərkib hissəsinə çevrilmişdir.

İnsan sağlamlığını cəmiyyətin sərvəti adlandıran ümummilli lider Heydər Əliyev 2001-ci ildə 17 iyun tarixinin tibb işçilərinin peşə bayramı kimi təsis edilməsi haqqında xüsusi sərəncam imzalamışdır. Həmin gün ulu öndərin həkimlərə ünvanladığı təbrik məktubunda deyilirdi: "... Siz bütün fəaliyyətinizi bu sahə ilə bağlayaraq, həyatınızı olduqca qədim, nəcib və xeyirxah bir işə - insanların sağlamlığının qorunması işinə həsr etmisiniz... Əhalinin sağlamlığının mühafizəsi və tibbi xidmətin yaxşılaşdırılması istiqamətində irəliyə doğru atdığınız addımlar və əldə etdiyiniz uğurlar bizi sevindirir". Bu fikirlərdə ulu öndərin milli səhiyyəmizin inkişafına yönələn diqqət və qayğısı, həkimlərimizə olan sevgi və məhəbbəti, bu peşənin müqəddəsliyi, məsuliyyəti açıq şəkildə öz əksini tapmışdır. Bir faktı da qeyd edək ki, 17 iyunun tarixə düşməsi heç də təsadüfi olmamışdır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ilk qərarlarından biri Səhiyyə Nazirliyinin yaradılması ilə bağlı idi. Həmin qərar isə iyunun 17-də imzalanmışdır. Azərbaycan səhiyyəsinin təməl daşının qoyulduğu günün tibb işçilərinin peşə bayramı kimi qeyd edilməsi isə ümummilli lider Heydər Əliyevin tariximizə olan həssas münasibətinin bariz nümunəsi idi.

Tibbin insan cəmiyyəti ilə yaşıd olan böyük bir tarixi var. Şərq ölkələrinin qədim dövrlərinə müraciət etsək görərik ki, Qərbdə hələ kimya haqqında təsəvvür belə olmadığı halda VIII əsrdə yaradılmış Bağdad Akademiyasında elmin bu sahəsində xeyli uğurlar əldə edilmişdi. Zəkəriyyə Razi, Cabir ibn Həyyan və başqa alimlər insan orqanizmində gedən dəyişiklikləri öyrənirdilər. Kimyanı mükəmməl bilən Zəkəriyyə Razi hələ o vaxtlarda mürəkkəb dərmanlar hazırlamış, toksikologiya elminin əsasını qoymuşdur. X-XI əsrlərdə isə digər ölkələrdən fərqli olaraq, Azərbaycanda xalq təbabəti yüksək inkişaf mərhələsinə çatmışdı. Azərbaycan təbabətinin X əsrdəki vəziyyətini əks etdirən ilk tarixi abidə İsa əl-Rahim Tiflisinin "Tibb" əsəri olmuşdur.

Qədim tarixi məxəzlər Azərbaycanda tibbin parlaq səhifələrindən birini Əbu Əli ibn Sinanın buradakı elmi fəaliyyəti ilə əlaqələndirirlər. Orta əsr filosofu, həkimi və ensiklopediyaçısı ibn Sina dünyanın ən qüdrətli zəka sahiblərindən olmuşdur. Araşdırmalara görə, o, elmin bütün sahələrinə aid 450-yə qədər əsər yazmış, onların da 150-yə qədəri dövrümüzə qədər gəlib çatmışdır. İbn Sinanın ən məşhur əsəri tibb üzrə çoxcildli "Qanunlar kitabı" və "Şəfa kitabı"dır.

Azərbaycan səhiyyəsi XIX-XX əsrlərdə də özünün ən yüksək inkişaf mərhələsini keçmişdir. Alim, həkim M.Mirqasımov 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının ilk prezidenti seçilmişdir. Məşhur həkim, dövlət xadimi Əziz Əliyev respublika səhiyyəsinin təşkilində, tibb kadrlarının yetişdirilməsində misilsiz xidmətlər göstərmişdir. 1946-cı ildə Azərbaycan SSR EA yanında Eksperimental Təbabət İnstitutu yaradılmışdır. Tanınmış tibb alimləri K.Balakişiyevin, Ə.Qarayevin, M.Mustafayevin, C.Hüseynovun, Ü.Musabəyovanın, Z.Məmmədovun, C.Abdullayevin, M.Əfəndiyevin, İ.İsmayılzadənin, R.Əliyevin və başqalarının səyləri nəticəsində ayrı-ayrı tibb fənlərinə aid 45 mindən çox termin toplanıb Azərbaycan dilində nəşr olunmuşdur.

Ötən əsrin 70-80-ci illərində Azərbaycan səhiyyəsində yeni bir eranın başlanğıcı qoyuldu. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə səhiyyəmiz özünün tərəqqi yoluna üz tutdu. 1970-1975-ci illərdə respublikada təkcə uşaq poliklinikalarının və xəstəxanalarının sayı 150-dən 185-ə çatdırıldı. Tibb sahəsində mütəxəssislərin yeni nəslinin nümayəndələri yetkin tədqiqatçılar kimi vətənə qayıdıb fəaliyyətlərini genişləndirdilər. Mirməmməd Cavadzadə, Böyükkişi Ağayev, Zərifə Əliyeva, Zəhra Quliyeva, İbrahim Topçubaşov, Nəriman Əliyev, Namiq Əliyev, Adilə Namazova, Bahadur Baxşıyev, Törə Qədirova, Əhliman Əmiraslanov, Eyvaz Babayev, Ağabəy Sultanov, Oqtay Şirəliyev, Bəybala Abbasov, Qəhrəman Qəhrəmanov, Kamran Aslanov və başqalarının adları səhiyyəmizin inkişaf tarixində şərəfli yerlərdən birini tutur, onların elmi məktəbləri öz işlərini bu gün də uğurla davam etdirir.

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə böyük rəhbər ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra səhiyyədə birinci növbədə qanunvericilik bazası təkmilləşdirildi. Respublikada ilk dəfə müasir səviyyədə təchiz edilmiş Nüvə-Maqnit Rezonans Mərkəzi, Ailə Sağlamlıq Mərkəzi, elmi-tədqiqat institutları açıldı, Tibb Universitetinin yeni korpusu istifadəyə verildi, bir çox klinikalarda yenidənqurma işləri aparıldı.

Hazırda səhiyyə sisteminin keyfiyyətcə yeni dövrün tələblərinə uyğunlaşdırılması, əhalinin sağlamlığının etibarlı təminatına imkan verən müasir tibb infrastrukturunun yaradılması Azərbaycanda həyata keçirilən sosialyönümlü siyasətin mühüm tərkib hissəsidir. Bu istiqamətdə ardıcıl və sistemli olaraq reallaşdırılan islahatların nəticəsi kimi son illərdə ölkədə səhiyyə sisteminin maddi-texniki bazası və infrastrukturu yeniləşir, ən müasir texnologiyaların tətbiqi vətəndaşlara göstərilən xidmətin səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsini təmin edir.

Hazırki dövrdə də ölkəmizdə səhiyyə sahəsində fəaliyyət göstərən savadlı tibb işçilərimizin sayı artmaqdadır. Belə həkimlərimizdən dövrümüzün həm ziyalı həm də savadlı peşəsini sevən, öz biliyini daha da təkmilləşdirən "Avrasiya Klinikası"nda Neyrocərrah peşəsini icra edən hörmətli Lütfiyar Bəşirovdur. O peşəsinə hörmət edən, pasientlərinə yüksək səviyyədə xidmət göstərən insandır. Pasientləri də hörmətli Neyrocərrah Lütfiyar Bəşirovun savadlı, ziyalı doktor olmağını dilə gətirərək öz razılıqlarını "Leqal.info"ya bildirdilər.

"Leqal İnformasiya Agentliyi" olaraq biz də öz növbəmizdə Neyrocərrah Lütfiyar doktora fəaliyyətində uğurlar qazanmağı və ən ümdə can sağlığı arzu edirik. Fəxr edirik ki, ölkəmizdə bu cür savadlı həkimlər hələ də var və peşəsinə layiqincə hörmət edir, eyni zamanda pasientlərinin etimadını doğruldurlar. Təşəkkür edirik sizə Lütfiyar doktor!