“Aprel döyüşləri” zamanı igidliyə dillər əzbəri olan və işğaldan azad edilən Lələtəpə yüksəkliyinə Azərbaycan barağını sancaq Asim Əliyevdir.

Leqal.info xəbər verir ki, onun Lələtəpəyə bayraq sancması haqda ilk məlumatı Birlik komandiri, general-mayor Mais Bərxudarov gənclərin bayraq rəsmi yarışmasında çıxış edərkən deyib: “2016-cı ilin aprel ayında biz əməliyyata başlayanda tapşırıq vermişdik ki, Lələtəpəyə sancmaq üçün bayrağımızı hazırlasınlar. Ancaq bir hərbi qulluqçumuz heç kəsə demədən özü ilə götürdüyü Azərbyacan bayrağını artıq ilk dəfə ora sancmışdı. Həmin əsgər Əliyev Asimdir".

Asim Əliyev daha sonra bayrağı oraya necə taxması barədə xatirələrini bölüşüb. Onun sözlərinə görə, bayraq aprelin 2-də təxminən saat 05:45 radələrindən etibarən Lələtəpədə dalğalanmağa başlayıb: “Həmin bayrağı dəfələrlə təlimlərə aparmışdım. Yoldaşlar arasında hər zaman arzulayırdıq ki, məhz bu bayraq bizim iştirakımızla azad olunan ərazidə ucaldılsın. Elə qismət oldu ki, Lələtəpə istiqamətində hərəkətə keçəsi olduq.

Bayrağımızı öpərək sinəmə qoyub döyüşə getdim. Asanlıqla düşmənin müdafiə xəttini yararaq zirvəyə çıxdıq. Saat təxminən 5 radələri olardı ki, artıq səngərdə bir dənə də olsun sağ düşmən hərbçisi qalmamışdı.

Düşmən dərinlikdən əlavə qüvvələrlə və artilleriyanın dəstəyi ilə hücuma başlayırdı. Mən hər kəsə zəfərimizi bəyan etmək üçün mərmi partlayışlarını və ölümü nəzərə almayıb bayrağımızı asmaq qərarına gəldim.

Bayrağımızı çıxararaq dostlarla birgə öpüb gözümüzün üstünə qoyduq. Daha sonra onu avtomatlarımızın sünbəsinin köməkliyi ilə dirəyə bərkidib havaya qaldırdıq. Həmin vaxt tanklarımızın səsini eşitdim. Onlar köməyə gəlirdilər. Sevinc göz yaşlarımıza hakim ola bilmirdim”.

Asim Əliyev “Aprel döyüşləri”ndən sonra Prezidentin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.