Ölkədə fəaliyyət göstərən turizm şirkətləri ilə bağlı narazılıqlar hər zaman olub. Bu sahənin inkişafı dövlət qarşısında duran əsas sahələrdən olsa da, bəzi özəl şirkətlər dövlətin sahibkarlara yaratdığı münbit şəraitdən istifadə edərək bir sıra qanunsuzluqlara yol verirlər. Onların etdiyi xoşagəlməz əməllərə görə, dövlət büdcəsinə ödənilməli olan vəsait yayındırılır.

Leqal.info-ya daxil olan bir məlumat "Skyline Travel" turizm şirkəti ilə bağlıdır. Ümumiyyətlə, bir sıra xoşagəlməz işlərdə adı hallanan bu turizm şirkətinin fəaliyyətinə ciddi nəzarətin edilməsi zəruridir. Dövlət qurumları, əsas da Vergilər Nazirliyi təcili şəkildə bu turizm şirkətinin fəaliyyətini nəzarətə götürməlidir. Çünki aşağıda qeyd edəcəyimiz bir fakt səbəb ola bilər ki, yoxlama prosesinə start verilsin.

Qeyd edək ki, 2018-ci ilin 1 yanvar tarixindən etibarən statusundan asılı olmayaraq bütün vergi ödəyiciləri tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı elektron qaimə-faktura təqdim edilməlidir.

Vergi Məcəlləsinə əsasən, sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı elektron qaimə-faktura vermək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Amma elektron qaimə-faktura sisteminə keçilməsinə baxmayaraq təəssüflər olsun ki, bəzi turizm şirkətlərində nağd qaydada əməliyyatlar aparılır. Bu isə birbaşa qanun pozuntusudur.

Elə "Skyline Travel" turizm şirkətində də bu kimi problemlərin yaşandığı iddia olunur. Həmçinin bildirillir ki, daha çox aviabiletlərin satışını həyata keçirən "Skyline Travel" turizm şirkəti tərəfindən nadir hallarda sadə vətəndaşlara aviabilet satışı baş tutur. Əsasən korparativ müştərilərlə alqı-satqı prosesi həyata keçirilir ki, bu zaman da nağdsız qaydada əməliyyatlara əməl olunmur. Belə olduğu halda yaxşı gəlir əldə edilsə də, vergidən yayınma halları baş verir.

Bildirək ki, "Skyline Travel"la bağlı daha ciddi faktlar mövcuddur. Həmin məlumatlara növbəti məqalələrimizdə toxunacağıq.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.