“Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin əsas istiqamətlərindən biri regional və beynəlxalq əməkdaşlığın, təhlükəsizliyin, sülh və rifahın gücləndirilməsidir. Ölkəmizin səyləri ilə reallaşdırılan qlobal enerji layihələri, yaradılan regional əməkdaşlıq formatları, koronavirus pandemiyasına qədər Bakının mühüm konfrans və görüşlərə ev sahibliyi etməsi, cənab Prezidentin COVID-19 pandemiyasına qarşı mübarizə sahəsində göstərdiyi təşəbbüslər buna bariz nümunədir”.

Bunları “Report”a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev bildirib.

O qeyd edib ki, bu ilin əvvəlindən sürətlə yayılmağa başlayan COVID-19 pandemiyası dünyanı ağır sınaqla üz-üzə qoyub. Ü.Quliyevin fikrincə, hazırda beynəlxalq əməkdaşlığın gücləndirilməsinə, yeni təşəbbüslərin irəli sürülməsinə, birgə əməkdaşlığa və qlobal həmrəyliyə həmişəkindən daha çox zərurət var.

Milli Məclisin deputatı vurğulayıb ki, koronavirusla mübarizə sahəsində ilk beynəlxalq təşəbbüsü Prezident İlham Əliyev irəli sürüb. O xatırladıb ki, Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə zirvə görüşü keçirilib: “Türk Şurası dünyada ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunan zirvə görüşünü təşkil etdi. Bu da cənab Prezidentin təşəbbüsü sayəsində baş tutdu. Toplantıda Şuraya üzv olan ölkələrdə pandemiyaya qarşı birgə mübarizə məsələsi, bu sahədə əməkdaşlıq və görüləcək işlər müzakirə olundu.

Mayın 4-də isə Qoşulmama Hərəkatının sədri kimi cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə Hərəkatın Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunan “COVID-19-a qarşı birlikdəyik” mövzusunda zirvə görüşü keçirildi. Pandemiya ilə mübarizədə böyük əhəmiyyət daşıyan bu görüşlərdə geniş müzakirələr aparıldı, atılacaq addımlar nəzərdən keçirildi”.

Ü.Quliyev bildirib ki, Azərbaycan Prezidenti pandemiya ilə mübarizə, onun ağır sosial-iqtisadi nəticələrinin aradan qaldırılması və qlobal həmrəylik sahəsində təşəbbüslərini davam etdirib və Qoşulamama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış edib. Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin digər təşəbbüsləri kimi bu ideyası da dünya dövlətlərinin əksəriyyəti tərəfindən dəstəklənib.

O bildirib ki, dünyanın 130-dan çox dövləti Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünə dəstək verib: “Bu, tarixi bir təşəbbüs və qərardır, öz əhəmiyyətinə görə koronavirusla qlobal mübarizədə dönüş nöqtəsi ola bilər. Çünki COVID-19 yalnız bir və ya bir neçə dövlətdə yayılmayıb, bütün dünyanı bürüyüb. Virusla mübarizə sahəsində görülən tədbirlər təkcə milli iqtisadiyyatlara deyil, qlobal ticarətə də mənfi təsir göstərib. Pandemiya bütövlükdə dünya ölkələrini bir-birindən təcrid edib, beynəlxalq əməkdaşlığa böyük maneələr yaradıb. Bütün bunlar onu göstərir ki, COVID-19-la mübarizə də qlobal xarakter daşımalı, bütün ölkələr səylərini, imkanlarını birləşdirməlidirlər. Sərhədləri bağlamaqla heç nəyə nail olmaq mümkün deyil. İndi birlik dövrüdür”.

Ü.Quliyev hesab edir ki, dünyanın 130 ölkəsinin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəkləməsi Prezident İlham Əliyevin xarici siyasətinin növbəti uğurudur: “Bu gün Azərbaycan lideri cənab İlham Əliyevə dünya ölkələrinin rəhbərləri xüsusi hörmətlə yanaşırlar. Ölkəmizin nüfuzi getdikcə artır, dünya Azərbaycan dövlətinin səsini eşidir. Biz adətən onun şahidi olurduq ki, belə qlobal təşəbbüsləri aparıcı dövlətlər, onların rəhbərləri irəli sürür və həyata keçirirlər. Amma indi dünya ölkələri Azərbaycan Prezidentinin təşəbbüsü ilə toplanacaq. Ölkəmizi inkişaf etmiş dövlətlər sırasına çıxaran cənab Prezident indi dünyanın qarşısında dayanan qlobal problemlərin həllinə böyük töhfələr verir və Azərbaycanın adını bəşəriyyətin tarixinə qızıl hərflərlə yazdırır”.