“Atılan hər bir addım uğurlu başlanğıc olmaqla yanaşı, perspektivlərdən xəbər verir. 30 ilə yaxın dövrdə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsini, üçrəngli bayrağımızın işğal altında olan torpaqlarımızda dalğalanmasını arzulayır, bu istiqamətdə ciddi addımlar atılırdı. Azərbaycan dövləti daim beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq ərazi bütövlüyümüzün təmin olunacağı günün uzaqda olmadığını böyük inamla qeyd edirdi. Bu inama əsas verən ölkəsinin, xalqının gələcəyini düşünən, hər bir vədini konkret əməli işi ilə təsdiqləyən Liderimizin olmasıdı. Cənab İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsi dövründə ona ünvanlanan “Tarixdə necə qalmaq istərdiniz” sualına cavab olaraq bildirib ki, mənim əsas amalım Azərbaycan xalqının etimadını doğrultmaq, bu vəzifədə olduğum bütün illər ərzində verdiyim vədləri yerinə yetirmək və ölkəni inkişaf yolu ilə aparmaq, onun ərazi bütövlüyünü təmin etməkdir. Mənim rolumun gələcəkdə necə qiymətləndiriləcəyi isə artıq bizim nəyə nail olacağımızdan, Azərbaycan xalqının iradəsindən asılı olaraq müəyyən ediləcək.

Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın ərazi bütövlüyünü təmin etdi, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin adını tarixə qalib Sərkərdə, Azərbaycan xalqını məğrur xalq, ordumuzu ən güclü ordu kimi yazdı. Zəfərimizin müəllifi olan möhtərəm Prezidentimiz İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə qalib ölkənin Müzəffər Ali Baş Komandanı kimi səfər etməsi hər birimizi daha da qürurlandırır. Qələbəmizdən başlanan yolun Azərbaycanı daha möhtəşəm uğurlara doğru apardığını böyük əminliklə qeyd edirik”.

Leqal.info xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

M.Həsənov qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyevin 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizə ardıcıl reallaşdırdığı səfərləri bu torpaqların öz sahibinə qayıtdığının dünyaya təqdimatı idisə, bu gün artıq ölkə Prezidenti bu ərazilərdə aparılan bərpa işləri ilə yaxından tanış olmaq məqsədilə səfərlərini həyata keçirir: “Dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərləri də bunun bariz nümunəsidir. Əsas hədəf nəzərdə tutulan işlərin qısa zamanda başa çatdırılmasıdır. Bu səfər Böyük Qayıdışın ilk addımları kimi qiymətləndirilə bilər. Bu baxımdan ki, səfər infrastruktur layihələrinin açılışının və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qaldı. Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli qoyuldu. Bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək. Bununla yanaşı səfər çərçivəsində Laçın rayonunun Güləbird kəndində Su Elektrik Stansiyasının açılışı oldu. Bu, azad edilmiş torpaqlarda istismara verilən birinci elektrik stansiyasıdır. “Bunun çox böyük əhəmiyyəti, böyük rəmzi mənası var” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, biz bu torpaqlara qayıdırıq”.

Millət vəkili onu da əlavə edib ki, azad edilmiş ərazilərimizdə infrastruktur layihələrinin icrasına xüsusi diqqət göstərilir: “Düşmən təkcə Laçın rayonu ərazisində 5 su elektrik stansiyasını dağıdıb. Bunlar yenidən bərpa ediləcək. Kəlbəcər rayonunun ərazisində isə 12 su elektrik stansiyası yenidən qurulacaq. Yalnız Kəlbəcər və Laçın rayonlarında dağıdılmış və bərpa ediləcək stansiyaların generasiya gücü 120 meqavat olacaq. Əgər nəzərdə tutulan digər layihələrə də nəzər salsaq görərik ki, bərpaolunan enerji növlərinin bu bölgələrdə çox böyük potensialı var. Prezident İlham Əliyev perspektivlərdən bəhs edərkən azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevriləcəyini xüsusi qeyd edir. Hazırda şəhərlərin baş planı hazırlanır. Görülən işlərə nəzarətin gücləndirilməsi fonunda hədəflərə yüksək səviyyədə və tez bir zamanda nail olmaq mümkündür”.

“Azərbaycanın təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınması və nüfuz qazanması işğaldan azad edilmiş ərazilərimizdə bərpa işləri çərçivəsində həyata keçiriləcək layihələrdə də özünün aydın ifadəsini tapır. 5 komponenti - yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələrini birləşdirən “ağıllı kənd” layihəsi bir daha Azərbaycanın gücünü və qüdrətini nümayiş etdirir. Azad edilmiş ərazilərin kənd təsərrüfatı potensialı böyükdür. Bu, son illər ölkəmizdə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına da dəstək olacaq. Bir sözlə, 30 ilin nisgili, acısı arxada qalaraq, tarixi sahibinə qayıdan torpaqlarımızda yeni həyat başlayır və Azərbaycanın dayanıqlı inkişafı üçün geniş imkanlar yaranır”, - deyə Malik Həsənov bildirib.