Bunları Leqal.info-ya açıqlamasında 44 günlük Vətən müharibəsinin qəhrəman şəhidi Muxtar Qasımlının atası Əli Qasımlı, vitse-spiker Adil Əliyevə qarşı son günlər güclənən qara piar kampaniyasına münasibət bildirərkən deyib.
Şəhid atası qeyd edib ki, A.Əliyevin uzun illərdir tanıyır və bir şəhid atası kimi hər zaman diqqət və qayğısını görüb: "Mən Adil müəllimi uzun illərdir tanıyıram. Onun şəxsiyyətinə, kişiliyinə, mərdliyinə bələdəm, dövlətə və dövlətçiliyə bağlılığını bilirəm. Bu adam həmişə vətənpərvər, dövlətini, xalqını, Prezidentini sevən adam olub. Adil Əliyev mənə və mənim kimi minlərlə şəhid ailəsinə öz ailəsi kimi münasibət göstərib. Gecə-gündüz yorulmaq bilmədən çalışır. Mən ondan hər zaman yüksək diqqət və qayğı görmüşəm. İnanın ki, ən çətin günlərimizdə Adil müəllim ailəmizin yanında olub. Demək olar ki, iki gündən bir mənimlə əlaqə saxlayıb, qayğılarımla maraqlanır. O məni özünə dost, qardaş hesab edir. Biz də ailəlikcə onu çox istəyirik. Adil müəllim öz vətənpərvərliyi ilə gənclərə nümunə sayıla bilər".
Əli Qasımlı onu da qeyd etdi ki, Adil Əliyev təkcə şəhid ailələrinə yox, həmçinin qazi və müharibə iştirakçılarına da diqqət göstərir: "Adil müəllimin şəhid ailələri və qazilərin iştirakı ilə təşkil etdiyi bütün tədbirlərdə iştirak etmişəm. O qazilərin əllərindən öpür, boynunu qucaqlayır. Şəhidlərimizin əmanəti olan uşaqları öz balası kimi əzizləyir. Şəhid ata və analarının qarşısında dizini yerə qoyub hər zaman onların yanında olduğunu söyləyir. Həm daxilimizdə, həm də xaricdə oturub kimlərinsə sifarişi ilə Adil Əliyevi söyən ünsürlərə, müxalif qüvvələrə demək istəyirəm ki, ar olsun sizlərə. Biz şəhid ailələri hər zaman Adil müəllimin yanındayıq. Onun bu Vətən üçün, bizlər üçün etdiklərini hamı bilir. Kim ona qarşı əxlaqdan kənar ifadə işlətsə, qarşısında şəxsən məni görəcək. Bəsdirin, utanın, abrınız olsun. Təmiz adamları şərlə ləkələyə bilmərsiniz!"



