Fövqəladə Hallar Nazirliyinin Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanasında qəza baş verməsi ilə bağlı məlumat yayılıb.

Leqal.info “Qafqazinfo” -ya istinadən xəbər verir ki, ötən gün 21:00 radələrində xəstəxananın oksigen stansiyasında partlayış qeydə alınıb. Hadisə nəticəsində bir neçə korpusda yerləşdirilən koronavirus xəstələrinin oksigen qəbul etməsində problem yaranıb.

Məlumatda o da qeyd olunur ki, məlum səbəbdən xəstəxananın 16-cı korpusunda bəzi xəstələr həyatını itirib. Hadisədən qismən zərər görən şəxslər isə Saray qəsəbəsində yerləşən modul tipli xəstəxanaya köçürülüb.

“Qafqazinfo” məsələylə bağlı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva ilə əlaqə saxlayıb. O yayılan məlumatların əsassız olduğunu vurğulayıb: “Xəstəxanada heç bir qəza baş verməyib”.