Ukraynadakı vəziyyətlə bağlı sülh planlarının həyata keçirilməsi hazırda mümkün deyil, çünki Kiyev müharibəni davam etdirməkdə təkid edən kuratorlarına tabe olmaya bilməz.


Leqal.info xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Belarus Prezidenti Aleksandr Lukaşenkonun Ukraynada hərbi əməliyyatları dayandırmağı və barışıq təklif etməsinə münasibət bildirərkən söyləyib.

Kremlin sözçüsü Rusiya Prezidenti Vladimir Putinin Çin lideri Si Cinpinin Ukrayna ilə bağlı nizamlanma planının özünü və ayrı-ayrı müddəalarını müzakirə etdiyini bildirib: "Lakin biz bu iki ideya dəstini (Si Cinpinin sülh planı və Aleksandr Lukaşenkonun hərbi əməliyyatları dayandırmaq və barışıq təklifi-red.) müqayisə etməyi məqsədəuyğun hesab etmirik".

Peskov, eyni zamanda qeyd edib ki, Pekinin planı indi həyata keçirilə bilməz.

"Onlar hazırda Ukrayna tərəfinin öz kuratorlarına, komandirlərinə tabe olmamasının qeyri-mümkünlüyü səbəbindən həyata keçirilə bilmir. Bu kuratorlar bildiyimiz kimi Kiyevdə oturmurlar və müharibənin davam etdirilməsində təkid edirlər”, - deyə o əlavə edib.

Peskov, həmçinin bildirib ki, Putin və Lukaşenko İttifaq Dövlətinin Ali Dövlət Şurasında Ukraynadakı vəziyyətin nizamlanması ilə əlaqədar Minskin təşəbbüslərini müzakirə edə bilərlər.

Leyla Kamil
Leqal.info