Qərb ölkələri Rusiyadakı vəziyyəti yaxından izləyir.

Leqal.info xəbər verir ki, Qərb ölkələrinin dövlət və hökumət rəhbərləri, XİN başçıları Rusiyada "Vaqner"lə Müdafiə Nazirliyi arasında açıq qarşıdurmaya münasibət bildirib.

Polşa Prezidenti Andjey Duda "Twitter" hesabında bildirib ki, o, Rusiyadakı vəziyyətlə bağlı Baş nazir, müdafiə naziri və müttəfiqləri ilə müzakirələr keçirib. "Şərq sərhədimizdən kənarda hadisələrin gedişi davamlı olaraq izlənilir", - o yazıb.

Fransa hökuməti də Rusiyadakı vəziyyəti yaxından izlədiyini bildirib.

"Prezident Makron vəziyyəti yaxından izləyir. Biz Ukraynaya dəstəyimizə fokuslanmış olaraq qalırıq", - Yelisey Sarayının açıqlamasında qeyd olunub.

Britaniya hökuməti də öz növbəsində Rusiyadakı vəziyyətlə bağlı reaksiya verib. Britaniyanın Xarici İşlər Nazirliyi Rusiyanın "Vaqner" qrupunun muzdlu qüvvələrinin hərəkətindən sonra səyahət edənlərə tövsiyələrini yeniləməklə Rusiyada iğtişaş riski barədə xəbərdarlıq edib. "Rostov vilayətində hərbi gərginlik və ölkə daxilində iğtişaşların baş verməsi riski ilə bağlı xəbərlər var", - Britaniya Xarici İşlər Nazirliyi diqqətə çatdırıb.

Almaniya Kansleri Olaf Şoltsun administrasiyası da vəziyyəti izlədiyini bildirib. "Biz Rusiyada olanları diqqətlə izləyirik", - hökumətin sözçüsü söyləyib.

Finlandiya dövlət başçısı Sauli Niinistö isə yerli mediaya açıqlamasında bildirib ki, bu məsələ Rusiyanın daxili məsələsidir və hökumət prosesi izləyir.

İsveç XİN rəhbəri də bənzər şəkildə açıqlama verib "Hökumət Rusiyadakı hadisələri yaxından izləyir, vəziyyət ciddidir", - İsveç xarici işlər naziri qeyd edib.

Leyla Kamil
Leqal.info