"BMT baş katibinin Qara Dəniz Taxıl Təşəbbüsünün müddətinin uzadılması ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı məktubunun cavabını gözləyirik".

Leqal.info xəbər verir ki, bunu BMT baş katibinin sözçüsü Stefan Dujarrik jurnalistlərə açıqlamasında bildirib.

Sözçü qeyd edib ki, BMT-nin iyulun 17-dən müddəti başa çatan müqavilənin uzadılması üçün fəaliyyətləri davam edir: "Müzakirələr aparılır. Biz Rusiyadan məktubun cavabını gözləyirik. Həftə sonu həmin məsələnin bu və ya digər şəkildə nəhayətlənəcəyini düşünürük".

Qeyd edək ki, BMT və Türkiyə Qara Dəniz Taxıl Təşəbbüsü ilə Moskvanın Qara dəniz limanlarını bloklaması ilə bağlı yarana biləcək qlobal ərzaq qıtlığının qarşısının alınması üçün 2022-ci ilin iyulunda Ukrayna və Rusiya arasında razılaşmanın vasitəçiliyini ediblər. Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan taxıl sazişi Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Ukrayna və Rusiya dünyanın aparıcı taxıl ixracatçılarıdır. Daha əvvəl bir neçə dəfə uzadılan müqavilənin müddəti iyul 17-də bitəcək.

Leyla Kamil
Leqal.info